Hadisə

Ramiz Mehdiyev karantin qaydalarını belə pozdu — FOTOLAR

Ramiz Mehdiyev karantin qaydalarını belə pozdu — FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev karantin qaydalarını pozub.

Demokrat.az-ın xəbərinə görə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmiş Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə baxış keçirib. Lakin bu zaman R.Mehdiyev karantin qaydalarını pozaraq tibbi maskadan istifadə etməyib. Halbuki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq qapalı məkanlarda tibbi maskadan istifadə tələb olunur.

Maraqlısı isə budur ki, akademiyanın rəsmi internet səhifəsində tədbirin tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə baş tutduğu bildirilir. Ancaq çəkilmiş fotolarda açıq-aşkar görünür ki, tibbi maskadan AMEA-nın I vitse-prezidenti İsa Həbibbəyli, MATM-in direktoru Nailə Vəlixanlı istifadə edib. Bütün fotolarda AMEA prezidenti Ramiz Mehdiyevin tibbi maskasız dolaşdığı və tədbirin başlamasından yekununa qədər bu formada gəzdiyi açıq görünür.

Qeyd edək ki, indiyədək AMEA-nın 15 əməkdaşı koronavirusa yoluxub. Qurumun akademik katibi Əminağa Sadıqov APA-ya açıqlamasında AMEA-nın 12 təşkilatında 15 nəfərin koronavirusa yoluxduğunu açıqlayıb. Məlumata görə, onlardan karantin xəstəxanalarına yerləşdirilənlər var. Yoluxanlardan ən yaşlısı 1949-cu il, ən gənci isə 1979-cu il təvəllüdlüdür.

Vaqif Hüseynli

Demokrat.az

D
demokrat.az