İndicə görkəmli uroloq-alim, tibb elmləri doktoru, professor, respublikanın əməkdar həkimi, çox hörmətli Kamal Abdullayev mənə müraciət edərək bəzi kütləvi informasiya vasitələrində onun guya koronavirusa yoluxduğuna dair məlumatların yayılmasına etirazını bildirdi.
Demokrat.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov, buna bənzər hadisənin artıq bir neçə dəfə təkrarlandığını bildirib:
"Açığı oxşar hal ilk dəfə qeydə alınsaydı, məsələni ictimailəşdirməzdim. Ancaq belə görürəm ki, kimlərsə hansısa şəxslərin qlobal xəstəliyə düçar olduğuna dair yalan bilgilər yaymaqla özlərinin “məqsədlərinə” çatmaq istəyirlər. Yəni ortada mənfi tendensiya var… Konkret qeyd etdiyim məsələyə gəlincə, respublika miqyasında tanınmış həkim olan Kamal Abdullayev bildirdi ki, mənə zəng etməzdən öncə növbəti cərrahiyyə əməliyyatından çıxıb, bir xəstəyə şəfa verib"
Şura sədri sözlərinə belə davam edib:
"Bir anlıq Kamal müəllimin və ya geniş ictimaiyyətdə tanınmış hansısa digər şəxsin barəsində belə yanlış fikrin yayılmasının doğuracağı effekti düşündüm. Əlbəttə, bu kateqoriyadan olan insanların həyatı, o cümlədən sağlamlıq durumu daha çox maraq doğurduğundan, medianın onlardan yazmağa həvəs göstərməsi anlaşılandır. Amma qətiyyən yaddan çıxarmaq olmaz ki, medianın onlar haqqında yalnız həqiqətləri qələmə alması vacibdir, mütləqdir. Təsəvvür edək ki, Kamal müəllim cərrahiyyə əməliyyatındadır və əməliyyat olunan vətəndaşın yaxın qohumları hansısa saytdan onların əzizlərinin sağlamlıq durumuna cavabdeh həkimin koronavirusa yoluxduğunu oxuyurlar. Düşünün ki, hansı duruma düşürlər, hansı hisləri keçirirlər?..
Bu gün medianın koronavirusla bağlı materialların təqdimatına peşəkar yanaşmalı olduğunu vurğulayan açıqlama ilə çıxış etdim. Bir daha həmkarlarıma üz tutaraq xahiş edirəm ki, həssas mövzuya dair materiallara xüsusi diqqət yetirsinlər. Daxil olan, əldə etdikləri bilgiləri dəqiqləşdirsinlər, faktların bir neçə mənbədən təsdiqinə nail olsunlar, sensasiya yaratmaq, şou düzəldərək saytlarına giriş sayı qazanmaq üçün yanlış yola əl atmasınlar. Bir sözlə peşəkar olsunlar. İndi peşəkarlıq zamanıdır.
Onsuz da cəmiyyətdə xəstəliyin doğurduğu təbii gərginlik, bir növ yük var. Elə olmasın ki, bizlərdən kimsə bilərəkdən və ya bilməyərəkdən bu gərginliyi daha da artıran, bu yükü bir qədər də ağırlaşdıran qismində çıxış etsin".
Qeyd edək ki, akademik Kamal Abdullayevin koronavirusa yoluxması haqda yazını "haqqın.az" saytı yaymış və sonradan saytdan silib çıxarmışdı.


