Sosial

Aslan İsmayılov: "Elə yerlər var ki, üfunət iyi verir" — Dənizə kanalizasiya suları axıdılır (VİDEO)

Aslan İsmayılov: Elə yerlər var ki, üfunət iyi verir — Dənizə kanalizasiya suları axıdılır (VİDEO)

"Son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Xəzər dənizinin tullantılardan təmizlənməsi istiqamətində apardığı işlər artıq müsbət nəticəsini verib. Bunun nəticəsidir ki, bu gün Xəzər dənizinin bulvar istiqamətindəki sahillərində kütləvi şəkildə balıqlar müşahidə olunur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

Aslan İsmayılov deyib ki, bir neçə il əvvələ qədər gəmilərdən çirkli sular və mazut qalıqları dənizə axıdılırdı:

"Artıq çirkli suların dənizə axıdılmasının qarşısı qismən də olsa alınıb. Bunun nəticəsidir ki, balıqlar kütləvi şəkildə sahildə görünür. Ancaq mən paylaşdığım videoya baxsanız görərsiniz ki, çirkli suların dənizə axılmasının qarşısı hələ tam şəkildə alınmayıb, dənizin üzərində mazut ləkələri hələ də qalır.

Bundan başqa, Dənizkənarı Milli Park ərazisində elə yerlər var ki, üfunət iyi verir. Çünki həmin ərazilərdən dənizə kanalizasiya suları axıdılır. Bunların hamısının qarşısı alınmalıdır. Məmurlar da daxil olmaqla hamı dərk etməlidir ki, Xəzər dənizi bizim ümumi nemətimizdir. Onu qorumaq hər birimizin borcudur".

Zaur Hacılı Demokrat.az

D
demokrat.az