Gündəm

"Vilyam Hacıyev o məmurların yanında ən kasıbıdır" — "Onların əksəriyyəti rüşvət almağa öyrəncəlidir"

Vilyam Hacıyev o məmurların yanında ən kasıbıdır — Onların əksəriyyəti rüşvət almağa öyrəncəlidir

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin evindən çıxan pullardan və qohumluq əlaqələrindən danışıb.

Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, onun Vilyam Hacıyevlə uzaq qohumluq əlaqələri var:

"Vilyam Hacıyevin babası ilə mənim babam əmioğlu olublar. Ancaq mən heç zaman Vilyam Hacıyevi özümə qohum hesab etməmişəm, onunla təmas qurmamışam və zamanında onu ifşa etmişəm. Mən hər zaman olduğu kimi bu gün də eyni mövqedəyəm, rüşvətxorlara və korrupsionerlərə qarşı mübarizə aprıram. Mən ölkə Prezidenti cənab İlham Əliyevin atddığı bu addımları tam dəstəkləyirəm və sonadək onun yanında olacam".

Partiya sədri deyib ki, əgər Vilyam Hacıyevin evindən o qədər pul və bahalı avtomobillər çıxırsa, ondan yüksək vəzifədə olan korrupsioner məmurlar daha çox var dövlət malını mənimsəyib:

"Vilyam Hacıyev o məmurların yanında ən kasıbıdır. Elə məmurlar və polis rəisləri var ki, onlar təyyarə ilə xarici ölkələrə gedib dövlətin milyonlarını orada qızlara dağıdıb kef çəkirlər, adalarda özlərinə villa tuturlar. Hesab edirəm ki, cənab Prezident tərəfindən başladılan bu islahatlar təkcə icra başçıları ilə yekunlaşmamalıdır".

Hafiz Hacıyev qeyd edib ki, icra başçılarının böyük əksəriyyəti Vilyam Hacıyev kimi dövlət büdcəsini talamaqla, rüşvət və korrupsiya yolu ilə pul toplamaqla məşğul olur:

"Kimliyindən, kimin qohumu olmasından, hansı məmur tərəfindən saxlanılmasından asılı olmayaraq, həmin adamlar həbs olunaraq cəzalandırılmalıdır. Bu qədər biabırçılıq olmaz. Məmurların əksəriyyəti dövlət büdcəsini talamaqla məşğuldur. Bunlar həbs olunmaqdan belə çəkinib dərs çıxarmırlar. Onlar rüşvət almağa və korrupsiyaya artıq öyrəniblər. İnanın ki, o məmurların əllərini bağlasan, dillərini kəssən belə, yenə də bir-birlərinə göz-qaş etməklə rüşvət toplayacaqlar. Təkcə icra başçıları belə deyil, onların əksəriyyəti rüşvət almağa öyrəncəlidir. Onların arasında nazirlər də var".

Elçin Rizvanoğlu Demokrat.az

D
demokrat.az