Gündəm

"Hacıqabulda müxalifətçi olsa da, ancaq radikal deyillər" — İcra başçısı

Hacıqabulda müxalifətçi olsa da, ancaq radikal deyillər — İcra başçısı

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Rüstəm Xəlilov bu rayonda təşkil olunan qanvermə aksiyasında iştirak etməsindən danışıb.

İcra başçısı Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən aksiyada yerli sakinlərlə yanaşı, Yeni Azərbaycan Partiyasının fəalları və könüllülər də iştirak ediblər:

"Eyni zamanda məndə bu aksiyada iştirak edərək, qan verdim. Mən bunu reklam üçün etməmişəm və əsla da etmərəm. Xəstə insanları nəzərə alıb qan vermişəm. Bu təşəbbüsə rayon əhalisi də fəal şəkildə qoşulub".

Rüstəm Xəlilov həmçinin deyib ki, Hacıqabulda müxalif düşüncəli insanlar var:

"Bu rayonda müxalifətçi insanlar var, ancaq onlar radikal deyillər. Çünki həmin insanlar yaxşı başa düşürlər ki, Azərbaycanda gedən inkişafa qara yaxmaq mümkün deyil. Onlar qara yaxmağa yer tapa bilmirlər. Bu gün ölkə başçısının tapşırığı ilə Azərbaycanda insanlara xidmət göstərilir, yeni iş yerləri açılır, abadlıq və quruculuq işləri davam etdirilir. Xüsusilə də karantin rejimi dövründə bu diqqət daha da gücləndirilib. Sağ olsun ki, Heydər Əliyev Fondu imkansız ailələrə yardımlar göndərir. Sakinlər də dövlətin bu cür diqqət və qayğısından çox məmnundurlar".

İcra başçısı qeyd edib ki, indi radikal müxalifətin sözü qurtarıb:

"Radikal müxalifət özünün köhnə akkordlarını vurur. Onlar Azərbaycandakı inkişafı görə və köhnə fikirlərindən başqa nə isə düşünə bilmirlər. Radikal müxalifət 30 ildir ki, özünün köhnə notlarını döşəyir. Buna görə də Azərbaycan xalqı onlardan üz çevirib".

Zaur Hacılı Demokrat.az

D
demokrat.az