Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın adından mətbuatda yayılan bəyanat etirazlara səbəb olub. Söhbət Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın ötən gün sərsəm münasibət bildirməsinə rəsmi Bakının olduqca loyal, dişsiz, bir az da ehtiyatlı reaksiyasından gedir.
Məlum olduğu kimi, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi videokonfrans zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanata, mərhələli həlli özündə ehtiva edən razılaşma variantının masa üzərində olmasına dair dediklərinə Ermənistanın XİN rəhbəri kəskin münasibət bildirib. Ermənistanın xarici işlər naziri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirib. Eyni zamanda indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar edib. Mnatsakanyan həyasızcasına deyib ki, heç bir ərazi qaytarılmasından söhbət gedə bilməz.
O, hətta Ağdam rayonunu “təhlükəsizlik zolağı” olaraq təqdim edib və azərbaycanlı həmkarından tutarlı cavab almayıb. Daha sonra Azərbaycan XİN ənənəvi qaydada Helsinki Yekun Aktına və digər beynəlxalq sənədlərə istinad edərək öz aləmində rəsmi İrəvana cavab verib. Təbii ki, bu cavab mətbuat xidmətinin adına yazıla bilməz, bu, bütövlükdə XİN-in mövqeyidir. Bütün dünya bilir ki, Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, işğal zonasında Nikol Paşinyanın oğlu daxil, Ermənistandan gəlmiş hərbçilər yerləşdirilib, süni məskunlaşdırma davam edir. Belə olan halda Ermənistan XİN rəhbərinin hətta Dağlıq Qarabağın hüdudlarından kənar rayonlara da açıq iddia ortaya qoyması, bunu danışıqların gedişində bəyan etməsi və üstəlik, Qarabağ danışıqlarının davamı barədə anlaşmanın əldə olunması başa düşülmür. Məntiqlə Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov Lavrovun və həmsədrlərin iştirak etdiyi videomüzakirələrdə rəsmi Bakının və Azərbaycan xalqının mövqeyini ifadə edib danışıqların əhəmiyyətsizliyi barədə açıq mətnlə mövqe bildirməli idi. Cənab Məmmədyarov heç olmasa Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatından, həmçinin dövlət başçımızın Münhendə Nikol Paşinyanı beynəlxalq aləmin gözü qarşısında rəzil vəziyyətə salmasından nümunə götürməli, hücum diplomatiyası barədə ali rəhbərliyin yürütdüyü siyasi kursa uyğun davranmalı idi.
Bu barədə Musavat.com-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun cavabı kifayət qədər sərt oldu: “Erməni nazirə bu şəkildə reaksiya verilməsinin səbəblərindən söhbət gedirsə, bunun çox sadə cavabı ondan ibarətdir ki, bu nazirlik bizə, yəni Azərbaycan adında ölkəyə işləmir. Azdan-çoxdan peşə baxımından mənim də hansısa biliklərim var. Bu mənada mən hazırda nazirlikdən ayrı cavab gözləmirəm”.
T.Zülfüqarov onu da bildirdi ki, vəziyyəti bildiyindən nazirliyin cavabları heç vaxt onunçün maraqlı olmayıb. Nazirlərin virtual görüşünə gəldikdə, T.Zülfüqarov bildirdi ki, orada deyilən sözləri şərh etmək düzgün olmaz:
“Mənimçün maraq kəsb edən bunlar deyil. Mənimçün maraqlı budur ki, bunlar nəyə görə birdən-birə oyanıb hamısı bir yerdə danışmağa başlayıb? Əsas məsələ budur. Hamı başa düşür ki, koronavirus ötüb keçəcək. Amma iqtisadi böhran, maliyyə böhranı, Rusiyanın mövcud vəziyyəti bir çoxlarını düşündürür. Bu mənada birmənalı demək olar ki, artıq Ermənistanın işğalçı mövqeyinin əsas potensialı olan Rusiyanın dəstəyi demək olar qalmayıb. Bir müddət əvvəl də buna aid fikirlər səsləndirmişik ki, indi Azərbaycan Ermənistanla üzbəüz qalıb. Təbii ki, bu vəziyyət ilk növbədə erməniləri və onların havadarlarını narahat edir. Onlar başa düşürlər ki, bu gün heç olmasa bəyanat vermək iqtidarındadırlar, böhran davam etdikcə heç bəyanata da ehtiyac qalmayacaq. Odur ki, öz varlığını göstərmək və Ermənistana hansısa proseslərin getdiyini, guya nə isə danışıqların getdiyini nümayiş etdirmək üçün təbii ki, bu səhnəciyi, teatrı bizim üçün yaradıblar”.
Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında nazirliyin bu mövqeyindən təəccüblənmədiyini söylədi: “Xarici İşlər Nazirliyi həmişəki açıqlamaları verib. Guya bizim nazirlik nə zaman dişli açıqlamalar verib ki?”
Ekspert hesab edir ki, mövqe konkret və birmənalı olmalı idi: “Əslində qətiyyətlə tələb qoyulmalı idi ki, bəli, münaqişə yalnız mərhələli şəkildə, BMT qətnamələrinə istinadən həll olunmalıdır, bunun xaricində istənilən yanaşma bölgəni müharibəyə aparır. Bəyan olunmalı idi ki, indiki ağır şəraitdə biz Ermənistandan yalnız mərhələli həll planının qəbul olunmasını gözləyirik. Əks halda, vəziyyətin ağır olmasına baxmayaraq, yenə də gərəkli addımları ata bilərik”.


