Gündəm

"Elçibəy dövlət idarəçiliyi üçün zəif şəxsiyyət idi" deyən Çingiz Qənizadəyə REAKSİYA (VİDEO)

Elçibəy dövlət idarəçiliyi üçün zəif şəxsiyyət idi deyən Çingiz Qənizadəyə REAKSİYA (VİDEO)

Milli Məclisin deputatı, Azərbaycanın keçmiş Prezidenti mərhum Əbülfəz Elçibəyin Türkiyədə xüsusi təmsçilçisi olmuş Fazil Mustafa sabiq deputat Çingiz Qənizadənin Elçibəy haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Fazil Mustafa Demokrat.az-a açıqlamasında deyib ki, Çingiz Qənizadə rəhmətlik Əbülfəz Elçibəy haqqında mənfi fikirlər səsləndirib:

"Ancaq mən onun fikirləri ilə razı deyiləm. Hesab edirəm ki, idarəçilik məsələləri ilə bağlı müəyyən təcrübəsi olsa da, ancaq Əbülfəz bəy yetkin dünyagörüşə sahib və Azərbaycanın problemlərini yaxşı anlaya bilən siyasətçilərdən biri idi. Sadəcə olaraq siyasətdə ideoloji ağırlıqla uğur qazanmaq çətin olur. Burada söhbət təkcə Əbülfəz bəydən getmir, həm də dünyanın bütün ideoloji liderlərindən gedir. Ola bilsin ki, ideoloji məsələlərlə bağlı müəyyən uğursuzluqlar olub. Ancaq bu uğursuzluğu idarəçiliyə bağlamaq səhvdir. Levon Ter-Petrosyan da kifayət qədər təcrübəli və savadlı siyasətçi idi, amma hakimiyyətdə uzun müddət qala bilmədi. Yəni, söhbət hakimiyyətə hansı ideoloji cinahdan gəlməkdən gedir".

Deputat qeyd edib ki, hamı kimi, Çingiz Qənizadənin də öz fikirlərini sərbəst söyləməyə haqqı var:

"Mən də bu gün siyasi fəaliyyətlə məşğulam. Kimsə mənim hansısa idarəçilik anlayışımı, həyata baxışımı və yaxud da fəaliyyətimin qənaətbəxş olmadığını iddia edə bilər. Bu bir rəydir. Ona görə də hər hansı rəyə qarşı aqressiv mövqe nümayiş etdirməyi doğru hesab etmirəm. Hər halda bütün fikirlərə soyuqqanlı yanaşıb cavab vermək lazımdır. Çingiz Qənizadə Elçibəy haqqında siyasətçi kimi öz fikirlərini söyləyib, bu onun öz mövqeyidir. Bunu top-tüfənglə qarşılamaq düzgün deyil".

Xatırladaq ki, Milli Məclisin IV və V çağırış deputatı Çingiz Qənizadə Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonaq olarkən Əbülfəz Elçibəy haqqında mənfi fikirlər səsləndirib.

O, dövləti idarə etməyin başqa bir anlayış olduğunu bildirib:

"Əbülfəz Elçibəy təmənnasız bir insan idi. Bu adam üçün türkçülük və dövlətçilikdən savayı bir amal yox idi. Amma Elçibəy idarəçi deyildi. Dövləti idarə etmək - bu Allahın vergisidir. Bu bir peşədir, bu bir sənətdir. Elçibəy, dövlət idarəçiliyi üçün zəif şəxsiyyət idi. Dövləti idarə etmək başqa bir şeydir".

Zaur Hacılı Demokrat.az

D
demokrat.az