YapiKredi Müraciət Forması
Mazda CX-5
Sağlamlıq Özəl

Bakıda satışa vaxtı keçmiş yumurtalar çıxarılıb — Necə ayırd edək?

Bakıda satışa vaxtı keçmiş yumurtalar çıxarılıb — Necə ayırd edək?

"Giləzi Quşçuluq" müəssisəsinin rəhbərinin vaxtı keçmiş yumurtaları satışa çıxarmaq cəhdinə görə həbs edilməsi istehlakçılar arasında məhsulların keyfiyyəti və təzəliyi ilə bağlı narahatlıqları artırıb.

Bəs yumurtanın köhnə və ya təzə olduğunu satın almadan əvvəl müəyyən etmək mümkündürmü? İstehlakçılar alış zamanı hansı məqamlara diqqət yetirməli, keyfiyyətsiz məhsulu necə ayırd etməlidirlər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, yumurtanın təzə və ya köhnə olduğunu satın almadan əvvəl müəyyənləşdirmək müəyyən qədər mümkündür.

Onun sözlərinə görə, yalnız xarici görünüşünə əsaslanaraq yumurtanın təzəliyinə tam əmin olmaq olmaz:

"İlk növbədə qablaşdırmanın üzərindəki istehsal və son istifadə tarixlərinə diqqət yetirilməlidir. Üzərində tarix və istehsalçı məlumatları olmayan, yaxud bu məlumatları silinmiş və ya dəyişdirilmiş yumurtalar istehlakçılar üçün risk yaradır.

Yumurta alarkən qabığının təmiz, bütöv və çatsız olmasına diqqət edilməlidir. Qabıqda çatların, yapışqanlı səthin və çirklənmənin olması məhsulun keyfiyyəti və təhlükəsizliyi ilə bağlı şübhə yarada bilər. Həmçinin yumurtanın saxlanma şəraiti də vacibdir. Temperatur rejiminin pozulması, xüsusilə məhsulun uzun müddət isti mühitdə saxlanılması onun daha tez xarab olmasına səbəb ola bilər.

Yumurtanın təzəliyini ev şəraitində yoxlamağın bir neçə üsulu var. Bunlardan biri su testidir. Yumurta soyuq su ilə dolu qaba qoyulduqda dibdə üfüqi vəziyyətdə qalırsa, adətən təzə olur. Dibdə qalaraq dik vəziyyət alırsa, müəyyən müddət saxlanılmış ola bilər. Suyun üzərinə qalxaraq üzürsə, bu, yumurtanın xeyli köhnəldiyini göstərir. Bunun səbəbi saxlanma müddətində yumurtanın daxilindəki hava kamerasının böyüməsidir. Lakin bu üsul yumurtanın təhlükəsizliyini tam müəyyən etmir.

Yumurtanı sındırdıqdan sonra da müəyyən əlamətlərə diqqət yetirmək olar. Təzə yumurtada sarı daha qabarıq və bütöv, ağı isə nisbətən qatı olur. Köhnə yumurtada sarı yastılaşa, ağı isə daha duru ola bilər. Kəskin, xoşagəlməz qoxu məhsulun xarab olmasının ciddi əlamətidir. Belə yumurtanın dadına baxılmadan atılması lazımdır.

Ən vacib məqam budur ki, yumurtanın görünüşü və ya su testi onun salmonella kimi xəstəlik törədicilərindən azad olduğunu göstərmir. Buna görə də istehlakçılar yalnız ev üsullarına güvənməməli, etibarlı satış məntəqələrindən, düzgün temperaturda saxlanılan, üzərində istehsalçı və tarix məlumatları olan yumurtaları almalıdırlar".

Editor
Redaktor