YapiKredi Müraciət Forması
Mazda CX-5
Mədəniyyət Özəl

Yerli moda niyə inkişaf edə bilmir? — Açıqlama

Yerli moda niyə inkişaf edə bilmir? — Açıqlama

Son illər Azərbaycanda moda və dizayn sahəsinə maraq artsa da, yerli modelyerlərin öz brendlərini geniş auditoriyaya tanıtması və bazarda möhkəmlənməsi asan deyil. Yaradıcı potensial və fərdi üslubla yanaşı, istehsal xərcləri, maliyyə imkanları, marketinq və satış kanallarının məhdudluğu da bu sahənin inkişafına mane olur.

Bəs Azərbaycanda modelyerlik nə dərəcədə gəlirli sahədir? Yerli dizaynerlərin beynəlxalq bazara çıxması üçün hansı imkanlara ehtiyac var?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən modelyer Səkinə Əliyeva bildirib ki, Azərbaycanda modelyerlik sahəsinə maraq olsa da, istedadlı dizaynerlərin hamısının öz brendini tanıda və kommersiya uğuru əldə edə bildiyini söyləmək çətindir.

Yerli moda niyə inkişaf edə bilmir? — Açıqlama

Onun sözlərinə görə, əsas problem istedadın azlığında deyil, onun inkişaf etdirilməsi və düzgün təqdim olunması üçün imkanların məhdudluğundadır:

"Bu gün Azərbaycanda gözəl kolleksiyalar hazırlayan, fərqli üslubu və özünəməxsus baxışı olan modelyerlər var. Lakin onların bir çoxu müəyyən çevrədən kənara çıxa bilmir. Bunun səbəbi nədir? Niyə bəzi yerli dizaynerlərin hazırladığı geyimlər keyfiyyət və dizayn baxımından xarici brendlərlə rəqabət apara biləcək səviyyədə olsa da, həmin brendlər qədər tanınmırlar?

Hesab edirəm ki, bunun əsas səbəblərindən biri moda sahəsində tanınmağın yalnız yaradıcılıqla məhdudlaşmamasıdır. Modelyer yaxşı geyim hazırlaya bilər, lakin onun reklamını, satışını, təqdimatını və brend strategiyasını qurmaq ayrıca bilik və maliyyə tələb edir. Bəzən dizaynerin yaradıcılıq potensialı yüksək olsa da, onu geniş auditoriyaya çatdırmaq üçün kifayət qədər büdcəsi və peşəkar komandası olmur.

Digər tərəfdən, Azərbaycanda yerli brendlərə münasibət məsələsi də düşündürücüdür. Bəzi istehlakçılar xarici markaların məhsullarına daha çox etibar edir, yerli modelyerlərin hazırladığı geyimlərə isə eyni münasibəti göstərmirlər. Halbuki brendin xarici və ya yerli olması onun keyfiyyətinin əsas göstəricisi deyil. Məncə, yerli dizaynerlərə daha çox dəstək göstərilməsi, onların əməyinin və yaradıcılığının qiymətləndirilməsi bazarın inkişafı üçün vacibdir.

Modelyerlikdən gəlir əldə etmək mümkündürmü?

Əlbəttə, mümkündür. Ancaq buna yalnız geyim tikməklə və kolleksiya təqdim etməklə nail olmaq olmur. Modelyer bazarı tanımalı, alıcının zövqünü və tələbatını bilməli, qiymət siyasətini düzgün qurmalı və öz məhsulunu satmağı bacarmalıdır. Əks halda, böyük zəhmətlə hazırlanan kolleksiya sadəcə nümayiş üçün qalacaq və real gəlir mənbəyinə çevrilməyəcək.

Fikrimcə, bu sahədə ən böyük yanlış təsəvvürlərdən biri istedadlı insanın mütləq uğur qazanacağı düşüncəsidir. İstedad başlanğıcdır, amma uğurun təminatı deyil. Modelyerin maliyyə imkanları, əlaqələri, reklam strategiyası, satış kanalları və bazarda düzgün mövqelənməsi də onun gələcəyini müəyyənləşdirir.

Əgər gənc modelyerin yaxşı ideyaları, peşəkar bacarığı və fərqli yaradıcılıq üslubu varsa, lakin kolleksiyasını istehsal etmək, tanıtmaq və satışa çıxarmaq üçün maddi imkanı yoxdursa, onun inkişafı müəyyən mərhələdə dayanacaq. Bu səbəbdən yerli moda sahəsində investisiya imkanlarının genişləndirilməsinə, gənc dizaynerlərin layihələrinə dəstək verilməsinə və onların beynəlxalq platformalarda təmsil olunmasına ehtiyac var.

Düşünürəm ki, Azərbaycanda modelyerlik yalnız fərdi yaradıcılıq fəaliyyəti kimi deyil, həm də iqtisadi və mədəni potensiala malik sahə kimi qiymətləndirilməlidir. Çünki yerli dizaynerin uğuru təkcə onun şəxsi qazancı demək deyil. Bu, eyni zamanda milli moda sənayesinin inkişafı, yeni iş yerlərinin yaranması və Azərbaycan brendlərinin beynəlxalq səviyyədə tanınması deməkdir".

Editor
Redaktor