"Sabah"ın oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsi futbol azarkeşləri arasında birmənalı qarşılanmayıb. Bəzi fanatlar stadionun futbol izləmək üçün əlverişli olmadığını, azarkeş təcrübəsinə mənfi təsir göstərən bir sıra problemlərin mövcudluğunu düşünürlər. Onların fikrincə, stadionun infrastrukturu, nəqliyyat əlçatanlığı və tribunlardan oyunu izləmək imkanları ilə bağlı müəyyən çətinliklər var.
Demokrat.az-a danışan futbol eksperti Arif Əsədov bildirib ki, Bakı Olimpiya Stadionunun quruluşu azarkeşlər üçün müəyyən narahatlıqlar yarada bilər:
"Məsələn, avtomobillər üçün parkinq problemi var. Stadionda oyun izləməyə maşınla gələnlər avtomobillərini kənarda saxlayıb uzun məsafəni piyada qət etməli olurlar. Stadionun üstünlüklərindən biri azarkeş tutumunun böyük olması və meydançanın ideal vəziyyətdə saxlanılmasıdır. Lakin bəzi tribunalardan meydançanı və futbolçuları yaxından izləmək, oyunu aydın görmək mümkün olmur. Bu kimi məqamlar da stadionun əlverişliliyinə təsir edir.
Ümumilikdə, Azərbaycanda belə stadionların sayının çox olması futbolun inkişafı baxımından əlverişlidir. Nə qədər çox stadion olsa, futbolçular yaxşı meydançalarda oynayar, azarkeşlər də qarşılaşmaları daha rahat izləmək imkanı əldə edərlər. Burada əsas məsələ stadionların tikintisi üçün uyğun ərazilərin tapılmasıdır. Artıq şəhərin mərkəzində belə obyektlər üçün yer ayırmaq çətinləşib.
Bu yaxınlarda uşaq futbolu ilə bağlı dünya çempionatına hazırlıq çərçivəsində qısa müddətdə Hövsəndə meydançalar tikildi. Həmin meydançalar futbolçuların məşq və oyunları üçün əlverişlidir. Lakin azarkeşlərin oyunları izləməsi baxımından ən yaxşı stadionlardan biri, məncə, Tofiq Bəhramov adına Respublika Stadionudur. Bu, köhnə stadionlarımızdan biridir. Burada neçə-neçə tanınmış futbolçu, korifeylərimiz oynayıb və stadionun öz tarixi var. Bu baxımdan, ən yaxşı stadionlarımızdan biri kimi Tofiq Bəhramov adına Respublika Stadionunu qeyd edərdim".
Ekspert əlavə edib ki, azarkeşlər üçün əlverişli stadionlardan biri də Mərdəkanda yerləşən Dalğa Arenadır:
"Həm avtomobillərin saxlanması, həm də oyunların izlənilməsi baxımından daha rahatdır. Bakcell Arenada isə, qeyd etdiyim kimi, xüsusilə böyük oyunlar zamanı avtomobillərin saxlanması ilə bağlı problemlər yarana bilər. Masazırda da yaxşı stadion var, amma ora ictimai nəqliyyatla gedib çatmaq müəyyən çətinlik yaradır.
Ümumilikdə, stadionların əlverişliliyi baxımından seçim etməli olsam, yenə də Tofiq Bəhramov adına Respublika Stadionunu ən yaxşı variantlardan biri hesab edərdim".
Fidan Hacızadə



