ABŞ Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində həyata keçirilən humanitar əməliyyatın müsbət nəticələrindən sonra Moskva və Kiyev arasında daha genişmiqyaslı atəşkəsin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
Demokrat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
Tramp qeyd edib ki, ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukrayna-Rusiya münasibətləri kontekstində mühüm işlər görüb.
Amerika liderinin sözlərinə görə, Oleşkidə həyata keçirilən humanitar tədbir çərçivəsində insanların şəhərlərdən və yaşayış məntəqələrindən təxliyəsi onların həyatının xilas edilməsinə imkan yaradıb.
"Bu, əla nəticə idi. Atəşkəs təmin olundu, insanlar şəhərlərdən və yaşayış məntəqələrindən çıxarıldı. Bu, çox güman ki, onların həyatını xilas etdi. Hazırda bu təşəbbüsün daha genişmiqyaslı variantı üzərində işləyirik", – deyə Tramp vurğulayıb.
Bununla yanaşı, ABŞ Prezidenti nəzərdə tutulan yeni təşəbbüsün bütün cəbhə xəttində atəşkəsi, yoxsa mövcud humanitar tədbirlərin daha geniş ərazilərdə tətbiqini əhatə edəcəyinə aydınlıq gətirməyib.



