Türkiyənin tanınmış musiqi qruplarından olan "Qrup Laçin"in solisti və bağlama ifaçısı Ali Abacı 60 yaşında dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, sənətçinin vəfatı barədə qrupun üzvlərindən Teoman Dalcı məlumat yayıb.
O, paylaşımında Abacının vəfatından kədərləndiyini bildirərək "Ruhu şad, məkanı cənnət olsun. Çox üzgünük" ifadələrini işlədib.
Ali Abacının ölüm səbəbi açıqlanmayıb. Bununla belə, onun bir müddətdir səhhətində problemlər yaşadığı bildirilir. Sənətçi noyabrın 16-da Ankarada keçiriləcək dəfn mərasimi ilə son mənzilə yola salınacaq.
Qeyd edək ki, 1991-ci ildə yaradılan "Qrup Laçin" 1998-ci ildə işıq üzü görən eyniadlı albomunda yer alan "Bekar Gezelim" mahnısı ilə geniş şöhrət qazanıb. Qrupun ifasında səslənən "Samsak Döveci" xalq mahnısı da illər sonra sosial şəbəkələrdə yenidən populyarlaşıb.
Xatırladaq ki, qrup 2024-cü ilin martında akkordeon ifaçısı Şərif Baldemiri də itirmişdi. Ali Abacının vəfatı kollektivin son illərdə itirdiyi ikinci üzv kimi qeydə alınıb.



