Azərbaycanlı reper Asya Əlizadə (Alizade), türkiyəli ifaçı Lvbel C5 və bəstəkar Can Akdoğan barəsində 5 ilədək həbs cəzası istənilib.
Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, "Kahpe" adlı mahnı və onun klipindəki zorakılıq məzmunu ilə bağlı aparılan araşdırma çərçivəsində üç nəfər haqqında hazırlanan ittiham aktı məhkəmə tərəfindən qəbul edilib.
İttihama əsasən, mahnının sözləri və klipdəki döyülmə səhnələri insanları cinayət törətməyə təşviq kimi qiymətləndirilib. Lvbel C5 isə ifadəsində mahnının sözlərinin bədii təxəyyül məhsulu olduğunu, hər hansı cinayətə çağırış məqsədi daşımadığını bildirib. Bəstəkar Can Akdoğan da sözlərin mənasını bilmədiyini və klipdəki səhnələrlə əlaqəsinin olmadığını deyib.
Asya Əlizadə Türkiyədən kənarda olduğu və ölkəyə girişinə beş il müddətinə qadağa qoyulduğu üçün ifadə verə bilməyib. O, müdafiəsini vəkili vasitəsilə yazılı şəkildə təqdim edib.
Prokurorluq hər üç şəxsin "Cinayət törətməyə açıq şəkildə təhrik etmə" ittihamı ilə 5 ilədək azadlıqdan məhrum edilməsini tələb edib. İttiham aktının qəbulundan sonra iş üzrə məhkəmə baxışına başlanılacaq.


