İrlandiyanın Baş naziri Mixol Martin Azərbaycanın Avropa Siyasi Birliyi çərçivəsində iştirakının Avropanın enerji və iqtisadi təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Demokrat.az xəbər verir ki, o, Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycanın təşkilat çərçivəsində iştirakının əməkdaşlıq baxımından konkret nəticələr verdiyini vurğulayıb.
"Azərbaycanın Avropa Siyasi Birliyinə qoşulması nəticəsində enerji təchizatı və digər sahələrdə əhəmiyyətli irəliləyişlər əldə olunub. Bu, həm qitənin iqtisadi təhlükəsizliyi, həm də hibrid hücumlar kontekstində təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır", – deyə Martin bildirib.
Baş nazir qeyd edib ki, enerji sahəsində qarşılıqlı əlaqəlilik, texnoloji əməkdaşlıq və insanlar arasında təmaslar Avropa ölkələri ilə onların tərəfdaşları arasında daha sıx koordinasiya tələb edən əsas istiqamətlərdəndir.
O, həmçinin əlçatan enerji təchizatının təmin edilməsi, kritik infrastrukturun qorunması və kritik xammal növləri, eləcə də nadir torpaq minerallarına çıxışın təmin olunması üçün əməkdaşlığın vacibliyini vurğulayıb.


