Zamanla istifadə olunan qayçılar kütləşir, kağızı və parçanı əvvəlki kimi rahat kəsmir. Lakin onları ev şəraitində yenidən iti vəziyyətə gətirmək mümkündür.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, qayçını itiləməyin dörd üsulunu təqdim edib.
Bunun üçün xırda dənəli itiləyici daşdan istifadə etmək olar. Qayçının tiyəsini daşın üzərində əvvəlki bucağı qorumaqla hərəkət etdirmək lazımdır.
Digər üsul zımpara kağızıdır. Onu abraziv tərəfi çölə olmaqla qatlayıb qayçı ilə 10-15 dəfə kəsmək kiçik nahamarlıqları aradan qaldıra bilər.
Alüminium folqa da köməkçi vasitə kimi istifadə olunur. Folqanı 6-8 qat qatlayaraq 15-20 dəfə kəsmək xırda qüsurları azaltmağa kömək edə bilər. Lakin bu üsul ciddi kütləşməni aradan qaldırmır.
Dördüncü üsul isə qalın metal iynə və ya bizdən istifadə etməkdir. Onların köməyi ilə tiyənin kiçik nahamar hissələrini ehtiyatla düzəltmək mümkündür.
Qeyd olunur ki, qayçının kəsici qabiliyyətini yoxlamaq üçün kağız üzərində sınaq aparmaq olar. Qayçı kağızı əzmədən və cırmadan kəsməlidir. Dərin zədələnmiş və əyilmiş tiyələri isə mütəxəssisə göstərmək tövsiyə olunur.


