YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

İşə getdiyini deyib Taylandda evləndi – Həbs olundu

İşə getdiyini deyib Taylandda evləndi – Həbs olundu

İngiltərədə yaşayan 56 yaşlı kişi həyat yoldaşına işə getdiyini deyərək evdən çıxıb, lakin Taylanda gedərək özündən 21 yaş kiçik qadınla evlənib.

Demokrat.az xəbər verir ki, David Kertis 16 illik həyat yoldaşı Kirstiyə işə getdiyini söylədikdən sonra evə qayıtmayıb. Bir müddət sonra həyat yoldaşına evliliklərinə fasilə vermək istədiyini və dünya səyahətinə çıxacağını bildirib. Daha sonra isə onunla bütün əlaqələri kəsib.

Qadın ərinin Taylandda olduğunu və 35 yaşlı Kvanta Satipcanla münasibət qurduğunu öyrənib. Kertis ilk nikahı rəsmi şəkildə davam etdiyi halda 2025-ci ilin noyabrında həmin qadınla evlənib.

Onun ikinci evliliyi ailə üzvlərinə "Facebook" vasitəsilə göndərdiyi toy dəvətnamələri sayəsində üzə çıxıb. Aldadıldığını öyrənən həyat yoldaşı polisə müraciət edib.

Kertis 2026-cı il fevralın 26-da İngiltərəyə qayıdarkən Hitrou hava limanında saxlanılıb. O, məhkəmədə ikiarvadlılıq ittihamını etiraf edib.

Nottingem Məhkəməsi kişini 6 ay müddətinə azadlıqdan məhrum edib. Lakin cəza 18 ay müddətinə təxirə salınıb. Bundan əlavə, ona 100 saat ödənişsiz ictimai iş və 804 funt sterlinq məbləğində ödəniş cəzası verilib.

Qadın yaşadığı hadisənin ona ağır psixoloji zərbə vurduğunu və insanlara yenidən etibar etməkdə çətinlik çəkdiyini bildirib.