Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı Aron Orban insan alveri şübhəsi ilə saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Magyar sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Viktor Orbanın qardaşı Aron Orban insan alverində şübhəli bilinərək hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb. Hadisə ilə bağlı istintaqı Milli İstintaq Bürosu və Milli Aktivlərin Bərpası və Mühafizəsi İdarəsi aparır.
Macarıstan polisi Budapeşt və Peşt bölgəsində keçirilən əməliyyatlar zamanı bir neçə nəfərin saxlanıldığını, şübhəlilərin yaşayış yerlərində axtarışların aparıldığını təsdiqləyib.
Məlumata görə, araşdırma əcnəbi vətəndaşlara, o cümlədən Vyetnam vətəndaşlarına Macarıstan və Şengen vizalarının əldə edilməsində qanunsuz vasitəçilik edilməsi ilə bağlıdır.
Viktor Orban qardaşının saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirərək hadisəni siyasi rəqibləri sıradan çıxarmaq cəhdi adlandırıb. O, özünün hədəf alındığını, qardaşının isə bu məqsədlə vasitəyə çevrildiyini iddia edib.
Qeyd edək ki, Macarıstan polisi əməliyyat zamanı bir neçə şəxsin saxlanıldığını açıqlasa da, Aron Orbanın saxlanılması ilə bağlı məlumatı rəsmi şəkildə təsdiqləməyib. Məsələ ilə bağlı araşdırma davam edir.


