Spirtli içki qəbulundan sonra sağ qabırğaaltı nahiyədə ağrı və ağırlıq hissi müxtəlif sağlamlıq problemləri ilə bağlı ola bilər. Bu əlaməti hər zaman qaraciyərlə əlaqələndirmək düzgün deyil.
Demokrat.az xəbər verir ki, belə ağrıların səbəbi qaraciyər, öd kisəsi, mədəaltı vəzi, eləcə də böyrək və həzm sistemi ilə bağlı problemlər ola bilər.
Alkoqol qaraciyərə zərər verə, öd kisəsi xəstəliklərini ağırlaşdıra və kəskin pankreatitə səbəb ola bilər. Xüsusilə ağrı qarnın yuxarı hissəsindən kürəyə yayılırsa, ürəkbulanma və qusma ilə müşayiət olunursa, bu, ciddi problemin əlaməti ola bilər.
Mütəxəssislər belə hallarda spirtli içki qəbulunu dayandırmağı, özbaşına dərman və ödqovucu vasitələrdən istifadə etməməyi tövsiyə edirlər. Ağrı təkrarlanarsa, həkim müayinəsindən keçmək vacibdir.
Dözülməz və artan ağrı, dayanmayan qusma, yüksək hərarət, dəridə və gözlərdə saralma müşahidə olunarsa, təcili tibbi yardım çağırılmalıdır.


