Yüksək qan təzyiqindən əziyyət çəkən insanlar üçün ümidverici xəbər var. Alimlər yeni preparatın bəzi pasiyentlərdə gözlənilməz nəticə verdiyini müəyyən ediblər. Belə ki, dərman qəbulunu dayandırdıqdan sonra da könüllülərin bir qismində qan təzyiqi normal səviyyədə qalıb.
Demokrat.az xəbər verir ki, beynəlxalq həkimlər qrupunun araşdırmasına əsasən, bakdrostatan adlı preparatın uzunmüddətli istifadəsindən sonra könüllülərin 25 faizində dərman qəbul edilməsə belə təzyiqin normallaşması müşahidə olunub. Bəzi iştirakçılarda bu təsir iki ilədək davam edib.
Harvard Universitetinin professoru Meyson Friman bildirib ki, bu maraqlı nəticə preparatın klinik sınaqlarında iştirak edən şəxslərin sağlamlıq vəziyyəti yenidən araşdırılarkən üzə çıxıb.
Alimin sözlərinə görə, kəşf böyrəküstü vəzilərin həddindən artıq fəaliyyəti ilə əlaqəli davamlı hipertoniyadan əziyyət çəkən bəzi xəstələrin əməliyyata ehtiyac qalmadan müalicə oluna biləcəyinə ümid yaradır.
Bakdrostatan orqanizmdə aldosteron hormonunun istehsalında iştirak edən CYP11B2 fermentinin fəaliyyətini zəiflədir. Aldosteron hormonunun həddindən artıq olması bədəndə duz və suyun yığılmasına, bunun nəticəsində isə qan təzyiqinin yüksəlməsinə səbəb olur.
Bu mexanizmlə əlaqəli hipertoniya forması bəzi hallarda adi təzyiq dərmanlarına, o cümlədən beta-blokatorlara qarşı davamlı olur.
Ötən il başa çatan klinik sınaqlar da preparatın təsirini ortaya qoyub. Araşdırma zamanı bakdrostatanın qanda aldosteronun səviyyəsini iki dəfə azaltdığı, iştirakçıların 40 faizində isə qan təzyiqini normallaşdırdığı müəyyən edilib.


