"Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!"
Bu sözləri Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci ildə, Şuşa azad olunanda Azərbaycan xalqına müraciətində deyib. O gün Azərbaycan tarixinin ən şanlı səhifəsi yazıldı. Şuşanın azad olunması Vətən müharibəsinin taleyini həll etdi, Qarabağ Zəfərinin zirvəsinə çevrildi.
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Ordu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyəti artırıldı. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik qələbənin təmin edilməsində mühüm rol oynadı. Şuşa Zəfərinə gedən uzun yol idi. Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı.
Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
O gün Prezident demişdi: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik.
Bu, böyük Qələbədir!"Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi.
Prezidentin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. 2021-ci il yanvarın 15-də isə dövlətimizin başçısı Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək. Hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı ilə Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilib. İgid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu salınan 101 kilometrlik yol Prezident tərəfindən "Zəfər Yolu" adlandırıldı. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub.
Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. 2022-ci il Azərbaycanda "Şuşa ili" elan edildi. Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı", 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı", 2026-cı il üçün isə "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilmişdir.
Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına misli görünməmiş ziyan vurub. Azad olunandan dərhal sonra bərpa işlərinə başlanılıb. Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri yenidən əvvəlki yerlərinə qoyulub. "Xarıbülbül", "Qarabağ" və "Yasəmən" hotelləri, modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, Şuşa Hotel-Konqres Mərkəzi fəaliyyətə başlayıb. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin ixtiyarasına verilib.
Şuşa sürətlə məskunlaşdırılır. 23 oktyabr 2026-cı il tarixinə Şuşa şəhərində 377 ailə olmaqla, 1.411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla, 78 nəfər, Kiçik Qaladərəsi kəndində 26 ailə olmaqla, 90 nəfər - cəmi 420 ailə, 1579 nəfər məskunlaşıb.
Şuşa artıq sadəcə bir şəhər deyil, Azərbaycanın qürur mənbəyi, milli kimliyimizin rəmzi, Zəfərimizin əbədi abidəsidir.
Vüsalə Musayeva
Şəhid Vüsal Musayevin anası, Abşeron rayon sakini


