Dünya bazarında neftin qiymətində son günlər ucuzlaşma müşahidə olunur. Bir müddət 126 dollara qədər yüksələn Azərbaycan nefti – "Azeri Light"ın qiyməti yenidən 100 dollar həddinə yaxınlaşıb. ABŞ-də Konqresə keçirilən aralıq seçkilərdə Trampın Respublikaçılar Partiyasının mövqelərinin kəskin zəifləməsi fonunda neftin qiyməti yenidən 100 dolların altına düşüb. Bununla yanaşı, Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələr də dünya bazarında qiymət dinamikasına təsir göstərən amillər sırasındadır.
Neftin qiymətindəki ucuzlaşma tendensiyası nə qədər davam edə bilər? ABŞ-də baş verən siyasi proseslər və Ukraynanın Rusiyanın neft emalı komplekslərinə hücumlarını artırması dünya bazarında neftin qiymətinə necə təsir göstərəcək?
İqtisadçı Zəfər Vəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinin açıqlanmasından sonra həm "Brent", həm də WTI markalı xam neftin qiymətinin bazar ertəsindən etibarən 12 faiz ucuzlaşması Yaxın Şərqdəki müharibənin tezliklə başa çatacağına dair ümidlərin artması ilə bağlı olub:

"Bazar iştirakçıları hesab edirdilər ki, Yaxın Şərqdə hərbi-siyasi gərginliyin səngiməsi nəticəsində neft bazarı cari il fevralın 28-dən etibarən formalaşmış risk mükafatını tədricən aradan qaldırmağa davam edəcək. Fars körfəzindən neft tədarükünün bərpası neft bazarlarında yüngül, orta və ağır neft balansını təmin etməklə qiymət artımını dayandıracaq. Lakin Yaxın Şərqdə vəziyyətin qısa müddətdə həll olunması Fars körfəzi üzərindən neftin dayanıqlı təchizatı, emalı və təhlükəsiz daşınması ilə bağlı problemləri aradan qaldırmaq gücündə deyil. Bu səbəbdən yaxın zamanda neft qiymətlərində kəskin enmələr baş verməyəcək".
Zəfər Vəliyev əlavə edib ki, həm Yaxın Şərq münaqişəsi, həm də Rusiya-Ukrayna müharibəsi ilə bağlı fundamental fikir ayrılıqları neft axınlarını təhdid altında saxlayaraq qlobal neft bazarında tarazlığın bərqərar olmasına imkan verməyəcək:
"2022-ci ilin fevralından başlayan Rusiya-Ukrayna müharibəsi və səkkiz aydır davam edən Yaxın Şərq münaqişəsi qlobal neft ehtiyatlarını əhəmiyyətli dərəcədə azaldıb. Hazırda bazarın dayanıqlı təchizatla bağlı heç bir təhlükəsizlik buferi yoxdur. Bu baxımdan, neft qiymətlərində kəskin enmələrdən danışmaq hələ tezdir".


