Ukraynada sülhməramlı qüvvələr qismində yerləşdiriləcək Böyük Britaniya hərbçilərinə və onların müttəfiqlərinə hücuma məruz qalacaqları təqdirdə Rusiya hərbçilərinə cavab atəşi açmağa icazə veriləcək. Məlumata əsasən, Böyük Britaniya və Fransanın rəhbərlik edəcəyi missiyanın qüvvələri Ukraynada yerləşdiriləcəyi təqdirdə İlon Maskın "Starlink" sistemi də daxil olmaqla, ABŞ-nin sistem və texnologiyalarından asılı olmayacaq. Missiyanın planları ilə tanış olan adı açıqlanmayan rəsmi şəxs nəşrə bildirib ki, Qərb hərbçiləri Ukraynada "müdafiə xarakterli" fəaliyyət göstərəcəklər. "Cavab atəşi açmağa" icazə verilməsi barədə məlumat London və Parisin noyabrın sonunda Polşada "Koalicja" hərbi təlimlərinin keçiriləcəyini elan etməsindən sonra yayılıb. Təlimlərdə 11 ölkənin iştirakı nəzərdə tutulur.
Siyasi şərhçi Çingiz Şahbazi Demokrat.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar Avropanın təhlükəsizlik arxitekturasında çox ciddi dəyişikliklərə işarə edir:

"Burada mühüm bir detalı nəzərə almaq lazımdır. Bu missiyanın faktiki olaraq silahlı toqquşmaya cəlb olunması ehtimalı var. Çünki Qərb hərbçilərinin müdafiə məqsədilə missiya həyata keçirməsi barədə bəyanatla onların Rusiya qüvvələrinə qarşı cavab atəşi açmaq səlahiyyəti ayrı-ayrı məsələlərdir. Burada söhbət Multinational Force-Ukraine (MNF-U) adlanan çoxmillətli qüvvədən gedir. Bu qüvvə Britaniya və Fransanın rəhbərlik etdiyi Ukraynaya dəstək koalisiyasının hərbi komponentidir. Koalisiya noyabrın 9-22-də Polşada hərbi təlimlər keçirəcək. Təlimlərdə 11 ölkədən təxminən 3 min hərbçinin iştirakı gözlənilir. Türkiyənin də bu təlimlərdə iştirakı nəzərdə tutulur. Türkiyə Qara dənizdə minaların təmizlənməsi üzrə dəniz komponentində iştirak edəcək. ABŞ bu hərbi missiyanın iştirakçısı deyil. Ən vacib məsələ isə ondan ibarətdir ki, Britaniya hökumətinin rəsmi sənədlərində MNF-U qüvvələrinin Ukraynaya yalnız hərbi əməliyyatlar dayandıqdan və Ukrayna hökumətinin dəvətindən sonra daxil olacağı bildirilir. Hökumət bu missiyanın nə NATO əməliyyatı, nə də klassik sülhməramlı və atəşkəsə nəzarət missiyası olduğunu vurğulayır. Əsas məqsəd Ukrayna ordusunun gücləndirilməsi, ölkənin hava və dəniz təhlükəsizliyinə yardım göstərilməsidir".
Ekspert bildirib ki, bu baxımdan Britaniya və Fransa müharibəyə daxil olmaq üçün deyil, müharibədən sonrakı mərhələdə təhlükəsizlik mexanizmini hazırlamaq üçün hərbi təlim keçirirlər:
"Atəşkəs əldə olunarsa, Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi yeni təhlükəsizlik reallığı yarada bilər. Lakin Rusiyanın bu qüvvələri qəbul edib-etməyəcəyi sual altındadır. Atəşkəs pozularsa, Avropa hərbçilərinin Rusiya qüvvələri ilə birbaşa qarşıdurması ehtimalı meydana çıxır. Bu isə münaqişənin coğrafiyasını və iştirakçılarının sayını genişləndirə bilər. Bu baxımdan hesab edirəm ki, Avropa ölkələrinin Ukraynada hərbi qüvvə yerləşdirməyə hazırlaşması ilə Rusiya ilə müharibəyə hazırlaşması, əlbəttə ki, eyni şey deyil. Amma həmin qüvvələrin Rusiya ilə silahlı toqquşmaya girmək ehtimalı bu planın ən ciddi təhlükəsizlik problemidir".


