Son dövrlər restoranlarda təqdim olunan kababların əvvəlki dadını verməməsi ilə bağlı istehlakçıların narazılığı artır. Bəzi müştərilər ətin dadında, yumşaqlığında və keyfiyyətində dəyişiklik hiss etdiklərini bildirirlər. Bu isə restoranlarda istifadə olunan ətin mənşəyi, saxlanma şəraiti və hazırlanma qaydaları ilə bağlı suallar yaradır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, restoran biznesi Azərbaycanda çox sürətlə inkişaf edir.

Onun sözlərinə görə, o, hər il turizm məqsədilə Azərbaycanın bütün regionlarına səfər edir və bölgələrdəki vəziyyəti yaxından müşahidə edir:
"Məsələn, şimal bölgəsində turist axını və tələbat o qədər yüksəkdir ki, bəzi restoranlar müştərilərə keyfiyyətsiz ət təqdim etsələr belə, ciddi etirazla qarşılaşmaya bilərlər. Gəncə bölgəsində, həmçinin Göygöl istiqamətində vəziyyət nisbətən fərqlidir. Cənub bölgəsində də vəziyyət nisbətən qənaətbəxşdir. Yəni tələb təklifi üstələyəndə mütləq keyfiyyətsiz xidmət və yüksək qiymətlər meydana çıxır. Bazarın qanunları belədir. Təsadüfi deyil ki, bu ilin əvvəlində Xankəndidə çox məşhur restoranlardan birində iki nəfərlik kabab sifariş etdik, lakin yeməyin dadı qətiyyən yox idi.
Mən bu barədə sosial şəbəkədə məlumat yaydım və restoranın meneceri məni məhkəməyə verməklə hədələdi. Belə çıxır ki, istehlakçının narazılığını bildirməyə belə hüququ yoxdur. Yəni biznes qurumları üçün bir növ toxunulmazlıq şəraiti yaranıb, istehlakçı hüquqları isə arxa planda qalıb. Ona görə də biznes qurumları istədiklərini edirlər. Əlbəttə, ölkəyə xaricdən də ət gətirilir. Məsələn, Monqolustandan gətirilən ət təmiz olsa da, dondurulmuş məhsuldur və azərbaycanlıların damaq dadına uyğun gəlmir. Müxtəlif ölkələrdən Azərbaycana ət idxal olunur. Ətin dadının dəyişməsinin səbəblərindən biri də insanların yerli olmayan, müxtəlif çeşidli qidaları daha çox qəbul etməsidir. Bu da insanların ağız dadını dəyişib. Belə hallar tarixən baş verib. Məsələn, çoxları deyir ki, əvvəllər kənddən keçəndə təndir çörəyinin ətri insanı valeh edirdi, indi isə həmin qoxu hiss olunmur. O qədər ənənəvi olmayan yeməklər, qidalar və qoxularla qarşılaşmışıq ki, artıq əvvəlki hisslərimiz zəifləyib. Məsələn, tarixən elə insanlar olub ki, qulağını yerə qoyaraq atlıların yaxınlaşdığını və ya kimin gəldiyini müəyyən edə biliblər. İndi isə belə insanlar qalmayıb. Yəni zaman keçdikcə insanların hissiyyatı da dəyişir, vəziyyətə uyğunlaşır və ya deformasiyaya uğrayır.
Hesab edirəm ki, restoranlarda ətin dadı ilə bağlı problem var. Lakin bunu sübut etmək üçün istehlakçının əlində heç bir mexanizm yoxdur. Məsələn, narazılığını bildirmək üçün restoran rəhbərliyinə müraciət edəndə menecer deyə bilər ki, onun fikrincə, yeməyin dadı yaxşıdır. İstehlakçı isə əksini düşünür. Bu, əlbəttə ki, çıxılmaz vəziyyət yaradır. Belə hallarda ciddi araşdırmalar, laboratoriya yoxlamaları aparılmalıdır. Təəssüf ki, bu imkanlar istehlakçılar üçün əlçatan deyil. Ölkədə belə bir problem yaşanır və qeyd etdiyim səbəblər də əsas amillərdəndir. Dad məsələsi ölçülməsi çətin olan, fərdi hisslərlə xarakterizə edilən bir məsələdir. Bunu ölçən hər hansı cihaz yoxdur. Ona görə də yuxarıda qeyd etdiyim səbəblərdən dolayı bu problem ölkədə yaşanır".


