2027-ci ildə kənd rayonlarındakı məktəblərə işə cəlb olunan gənc mütəxəssislərin həvəsləndirilməsi üçün 20,9 milyon manat ayrılması planlaşdırılır. Tədbirlər pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12,6 mindən çox gənc mütəxəssisi əhatə edir. Vəsait onların yol və əmlakın daşınması xərclərinə, ilkin yaşayış şəraitinin yaradılmasına, kommunal xidmətlər və yaşayış yerinin kirayəsi üzrə kompensasiyalara, həmçinin aylıq əməkhaqqına əlavələrin ödənilməsinə yönəldiləcək.
Demokrat.az-a bu barədə danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, kənd məktəblərində müəllimlərin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılır:
"Ancaq bu kifayət etmir. Çünki kənd məktəblərində çalışan müəllimlərin dərs saatları az olduğundan, əməkhaqları da onları qane etmir. Düzdür, H1, H2 adlandırılan, ucqar ərazilərdə işləyən müəllimlərin həvəsləndirilməsinə yönəlmiş proqram həyata keçirilirdi. Ancaq bu da yetərli deyil. Yaxşı olardı ki, kənd məktəblərinə ayrılan vəsaitdən səmərəli istifadə ilə yanaşı, müəllimlərin kənd yerlərində yaşaması və fəaliyyət göstərməsi üçün əlavə imkanlar yaradılsın. Məsələn, onlara güzəştli kreditlərin verilməsi nəzərdə tutula bilər. Sözsüz ki, Elm və Təhsil Nazirliyinə ayrılan büdcə vəsaitləri müəllimlərin digər problemlərinin həllinə, vəziyyətlərinin yaxşılaşdırılmasına da dəstək olacaq. Ancaq kənd yerlərində çalışan müəllimlər üçün əlavə şərait yaradılmalıdır".
Ekspert əlavə edib ki, onlara torpaq payı verilməsi, güzəştli ipoteka şərtlərinin genişləndirilməsi, kəndlərdə müəllimlər üçün güzəştli şərtlərlə mənzillərin tikilməsi bu istiqamətdə stimullaşdırıcı addımlardan biri ola bilər:
"Bu, müəllimlərin kəndlərə bağlılığını artırmağa da imkan yaradar. O baxımdan təklif edirəm ki, təhsil büdcəsindən ayrılan vəsaitlərlə yanaşı, dövlət səviyyəsində də müəllimlərin rifah halının yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılsın".


