YapiKredi Müraciət Forması
Dünya

Rusiya TDT-yə üzv ola bilər? - Türkiyə şərti açıqladı

Rusiya TDT-yə üzv ola bilər? - Türkiyə şərti açıqladı

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Moskvanın da Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması ilə bağlı təklifə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə K.Zorlu "Anadolu" agentliyinə müsahibəsində danışıb.

O, təşkilatın 2021-ci ildə qəbul edilən nizamnaməsinə diqqət çəkərək üzvlük üçün əsas şərtlərdən birinin türk dillərindən və ya qohum dillərdən birinin yalnız ölkənin müəyyən bir bölgəsində deyil, bütün ölkə səviyyəsində dövlət dili və ya rəsmi yazışma dili olaraq qəbul edilməli olduğunu bildirib. Zorlu bu şərti qarşılayan dövlətlərin TDT-yə müşahidəçi üzv kimi müraciət edə biləcəyini deyib.

Bununla belə, AKP-nin sədr müavini bu şərti qarşılamayan üçüncü ölkələrlə münasibətlərin tamamilə istisna edilmədiyini vurğulayıb. O, ötən il qəbul edilən "TDT Plus" əməkdaşlıq modeli sayəsində üzv dövlətlərin ortaq razılığı ilə üçüncü ölkələrlə xarici işlər nazirləri və ya dövlət başçıları səviyyəsində görüşlər təşkil oluna biləcəyini və qarşılıqlı maraqlar istiqamətində əməkdaşlığın inkişaf etdirilə biləcəyini diqqətə çatdırıb.

Rusiyaya gəlincə, Zorlu 2015-ci ildən etibarən bu ölkənin türkdilli subyektlərinin TÜRKSOY ilə mədəni əlaqələrinin dondurulduğuna diqqət çəkib:

"Bizim TDT-nin bayrağı altında fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Akademiyası kimi beynəlxalq qurumlarımız mövcuddur. Xüsusilə 1993-cü ildə qurulan TÜRKSOY, mədəniyyət sahəsində ən geniş və ən dinamik əməkdaşlıq etdiyimiz qurumumuzdur. Rusiya Federasiyası tərkibindəki Altay, Tuva, Çuvaş, Başqırdıstan, Yakutiya və Tatarıstan respublikaları bu qurumun müşahidəçi üzvləridir. Lakin 2015-ci ildə Rusiya tərəfinin qəbul etdiyi qərara əsasən, sözügedən respublikaların TÜRKSOY ilə əməkdaşlıqları faktiki olaraq dondurulub. O gündən bu yana qarşılıqlı olaraq heç bir toplantı və ya fəaliyyət həyata keçirilə bilməyib. Təklif edirəm ki, TÜRKSOY-dakı bu donmuş vəziyyəti yenidən dəyərləndirək və hər iki tərəfin ən güclü ortaq cəhətlərindən olan mədəni əməkdaşlığa yenidən həyat verək".

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın sonu TDT-nin Ankarada keçirilən sammitində Rusiyanın təşkilata üzv və ya müşahidəçi qismində qatılmasını təklif edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Rusiya ərazisində xalqları tarixən türk olan bir sıra regionların olduğunu bildirərək ölkənin TDT-yə qoşulmasının anlaşılan və məqsədəuyğun ola biləcəyini qeyd edib.

B
Qeyd edilməyib