YapiKredi Müraciət Forması
Maliyyə Özəl

Bakıda addıma bir dənədir, rayonlarda isə tək-tük — Səbəb nədir?

Bakıda addıma bir dənədir, rayonlarda isə tək-tük — Səbəb nədir?

Azərbaycanda bank xidmətlərinin əlçatanlığı paytaxt və regionlar üzrə fərqli səviyyədədir. Xüsusilə bəzi rayonlarda bank filiallarının və xidmət məntəqələrinin az olması sakinlərin kredit, əmanət və digər maliyyə xidmətlərindən istifadəsində çətinliklər yaradır. Bu vəziyyət regionlarda yaşayan vətəndaşların maliyyə imkanlarına, kredit əldə etmək şərtlərinə və bank xidmətlərinin dəyərinə də təsirsiz ötüşmür.

Demokrat.az-a bu barədə danışan bank məsələləri üzrə mütəxəssis Emin Kərimov bildirib ki, bir sıra rayonlarda bank filiallarının sayı və təmsilçiliyi fərqlənir.

Bakıda addıma bir dənədir, rayonlarda isə tək-tük — Səbəb nədir?

Onun sözlərinə görə, bir rayonda A bankının filialı olduğu halda, B bankının filialı olmaya bilər:

"Digər rayonda isə əksinə, B bankı fəaliyyət göstərər, A bankı isə təmsil olunmaz. Yəni regionlarda filial şəbəkəsi Bakıdakı qədər inkişaf etməyib. Lakin nəzərə almalıyıq ki, filialın saxlanılması da müəyyən xərclər tələb edir. Buna görə banklar filialların yerləşdirilməsi ilə bağlı qərar qəbul edərkən bir çox amilləri nəzərə alırlar. Bunların başında iqtisadi səmərəlilik, həmin rayonun və bütövlükdə regionun iqtisadi potensialı, eləcə də əraziyə xas olan iqtisadi sahələrin inkişaf səviyyəsi dayanır. Məsələn, mikro və kiçik sahibkarlığın, xüsusilə də aqrobiznesin inkişafı həm filialların açılmasına, həm də filiallarda hansı şöbələrin daha çox əməkdaşla təmin olunmasına təsir edən amillərdəndir. Buna görə də filial açılarkən bu məqamlara xüsusi diqqət yetirilir.

Bir çox bankların bütün rayonlarda filialları var. Lakin nisbətən kiçik və filial şəbəkəsi zəif inkişaf etmiş banklar bəzən hər rayonda deyil, həmin bölgənin mərkəzi rayonlarında filial açmağa üstünlük verirlər. Məsələn, Gəncə-Qazax bölgəsində Gəncə, Şəmkir və ya Qazaxda müəyyən bir bankın filialı fəaliyyət göstərə bilər. Bu zaman ətraf rayonların Tovuz, Gədəbəy, Ağstafa, Samux və digər ərazilərin sakinləri də həmin filiala müraciət edərək kredit məhsullarından və digər bank xidmətlərindən yararlana bilərlər.

Banklar üzrə kredit faizləri paytaxt və regionlarda eyni standartlara əsaslanır. Bəzi hallarda, xüsusilə mikrokreditlərdə, biznes və aqrokreditlərdə satışları stimullaşdırmaq məqsədilə müəyyən məhsullar üzrə endirim kampaniyaları keçirilə bilər. Məsələn, kənd təsərrüfatının əkinçilik, maldarlıq və bitkiçilik istiqamətləri üzrə mövsümi xarakterli güzəştlər tətbiq oluna bilər.

Bankların filiallar üzrə satış strategiyası vahid olduğuna görə kredit şərtləri də, bir qayda olaraq, eyni olur. Bununla belə, müxtəlif banklar arasında faiz dərəcələri və kredit şərtləri baxımından fərqlər mümkündür. Məsələn, bir bank krediti komissiyasız təklif edə, digəri komissiya tətbiq etməklə yanaşı, faiz endirimi edə bilər. Bəzi banklar isə kreditin başqa bankdan gətirilməsi şərti ilə müştərilərə bir-iki faiz bəndi daha aşağı faiz təklif edə bilərlər.

Bu cür stimullaşdırıcı tədbirlər bankların satış strategiyasının ayrılmaz hissəsidir. Bunlar satış həcminin artırılması, müştəri kütləsinin qorunub saxlanılması və mövcud müştərilərin itirilməməsi məqsədilə atılan marketinq addımlarıdır.

Əlbəttə, yaxşı olardı ki, bütün banklar ölkənin hər bir rayonunda filialları ilə təmsil olunsunlar. Lakin bu, iqtisadi baxımdan hər zaman səmərəli olmaya bilər. Çünki hər hansı bir regionda bir bankın filialı normal fəaliyyət göstərirsə, digər bankın həmin ərazidə açacağı filialın fəaliyyəti gözlənilən nəticəni verməyə bilər. Buna səbəb müştəri sayının azlığı və ya müəyyən bank məhsullarına tələbatın aşağı olmasıdır.

Banklar filial açmaqla bağlı qərar qəbul etməzdən əvvəl bütün bu məqamları nəzərə alırlar. Həmin region üzrə əhalinin iqtisadi fəallığı, müştəri potensialı, gözlənilən satış həcmi, statistik göstəricilər və digər məlumatlar ətraflı təhlil edilir. Bu təhlillərdən və proqnozlardan sonra müvafiq rayon və ya region üzrə filial açılması barədə qərar verilir.

Filiallar həm ayrı-ayrı rayonlarda, həm də bütövlükdə regionun mərkəzi hesab olunan ərazilərdə açıla bilər. Burada hər hansı məhdudiyyət yoxdur. İri banklar, demək olar ki, bütün rayonlarda təmsil olunsalar da, nisbətən kiçik və daha konservativ yanaşan banklar regionlar üzrə filial açmağa üstünlük verirlər.

Məsələn, Quba-Xaçmaz iqtisadi regionunda Quba və ya Xaçmazda filial açıla bilər. Bu halda Qusar, Quba, Xaçmaz, Siyəzən və digər ərazilərin sakinləri həmin bankın xidmətlərindən istifadə edə bilərlər.

Eyni yanaşmanı Mərkəzi Aran iqtisadi regionuna da aid etmək olar. Məsələn, Kürdəmirdə filial açıldığı təqdirdə ətraf ərazilərdə yaşayan, o cümlədən Sabirabad, İsmayıllı, Ağsu, Ağdaş, Hacıqabul və Şirvan sakinləri də həmin filialın xidmətlərindən yararlana bilərlər.

Qarabağ iqtisadi regionunda da Şuşa və ya Xankəndidə filial açıla bilər. Bu halda Ağdam, Cəbrayıl, Laçın, Zəngilan və digər ərazilərin sakinləri həmin filialın xidmətlərindən istifadə edə bilərlər.

Eyni qaydada, məsələn, Şəki və ya Zaqatalada filial açıldığı zaman qonşu rayonların sakinləri də həmin bankın xidmətlərindən yararlana bilərlər".