Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması nəzərdə tutulur. Qeyd edək ki, 2026-cı ildə sözügedən məbləğ 600 manat olub. Bu isə 900 manat artım deməkdir.
Uşağın doğulmasına görə ödənilən birdəfəlik müavinətin 1500 manata qaldırılması ölkədə doğum səviyyəsinin stimullaşdırılmasına necə təsir göstərəcək? Bu artım xüsusilə regionlarda yaşayan və aşağı gəlirli ailələrin sosial rifahında hansı dəyişikliklərə səbəb olacaq?
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, hökumət də əslində demoqrafik vəziyyəti bu istiqamətdə stimullaşdırmaq istəyir.
Onun sözlərinə görə, eyni zamanda, bu, real tablodur ki, bir uşağın saxlanılması və böyüdülməsi üçün çəkilən xərclər kifayət qədər böyükdür və bəzən gözləniləndən əlavə problemlər də ortaya çıxır:
"Xüsusilə xəstəliklərlə bağlı məsələlərdə, ilkin tibbi xidmətlərdən istifadə zamanı müəyyən ödənişlərin edilməsi valideynlər üçün əlavə çətinlik yaradır. Bu baxımdan, atılan addım valideynlərin vəziyyətini yüngülləşdirməyə yönəlmiş hökumət siyasətinin göstəricilərindən biridir.
Ümid edirəm ki, bu qərar həm valideynlərin sosial vəziyyətinə, həm də ümumilikdə demoqrafik vəziyyətə və doğum göstəricilərinin artımına müsbət təsir göstərəcək".
Xatırladaq ki, uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 1 iyul 2025-ci il tarixindən 600 manat müəyyən edilib. Bundan əvvəl, 2023-cü il yanvarın 1-dən 2025-ci il iyulun 1-dək bu məbləğ 500 manat olub. Müavinət hər doğulan uşağa görə ödənilir.


