"Cəmiyyətdə reklamın müəyyən prinsipləri və qaydaları var və bu prinsiplərə əməl olunmalıdır. İstər lazer salonları, istər geyim mağazaları, istərsə də digər sahibkarlıq subyektləri olsun, reklam hazırlanarkən ictimai davranış qaydaları və etik normalar nəzərə alınmalıdır. Etik normaları pozan, insanların narahatlığına səbəb olan reklamların yayılması düzgün deyil. Bu cür hallara yol verilməməli, yayımlanan materiallar qanunvericiliyin tələbləri baxımından araşdırılmalı, pozuntu aşkarlandıqda isə müvafiq tədbirlər görülməlidir. Zərurət yarandıqda xəbərdarlıq və ya qanunvericilikdə nəzərdə tutulan cərimələr tətbiq oluna bilər".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun sözlərinə görə, reklamın əsas məqsədi hər hansı məhsul və ya xidməti tanıtmaq, müştərilərin diqqətini cəlb etməkdir:
"Lakin bu məqsədə çatmaq üçün hər cür üsuldan istifadə etmək olmaz. Reklam hazırlayan şəxslər və sahibkarlar nəzərə almalıdırlar ki, onların paylaşdıqları görüntülər geniş auditoriyaya çatır və cəmiyyətin müxtəlif yaş qruplarından olan insanları tərəfindən izlənilir. Buna görə də reklam məzmunu hazırlanarkən ictimai məsuliyyət və etik çərçivələr qorunmalıdır.
Reklam məqsədi daşısa belə, qeyri-etik və əxlaqa zidd davranışların təbliği qəbuledilməzdir. Necə ki, siqaretin, elektron siqaretin və spirtli içkilərin reklamı ilə bağlı qanunvericilikdə müəyyən məhdudiyyətlər mövcuddur, digər reklam materiallarına da onların məzmunundan və ictimai təsirindən asılı olaraq hüquqi çərçivədə yanaşılmalıdır. Burada əsas məsələ sahibkarların reklam vasitəsilə diqqət çəkmək istəyərkən cəmiyyətin qəbul etdiyi davranış normalarını və qanunun tələblərini nəzərə almalarıdır.
Eyni zamanda, hər hansı reklamın qeyri-etik hesab edilməsi ilə bağlı qiymətləndirmə aparılarkən konkret məzmun və qanunvericiliyin tələbləri əsas götürülməlidir. Sadəcə cəmiyyətdə narazılıq yaratması hər bir reklamın avtomatik olaraq qanun pozuntusu olması demək deyil. Bununla belə, ictimai normalara zidd məzmunun yayılması ilə bağlı əsaslı şikayətlər olduqda məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılmalı və qanun pozuntusu təsdiqlənərsə, müvafiq tədbirlər görülməlidir.
Hesab edirəm ki, sahibkarlar reklam hazırlayarkən yalnız məhsulun satışını artırmağı deyil, həm də cəmiyyət qarşısında məsuliyyətlərini nəzərə almalıdırlar. Reklam diqqət çəkmək vasitəsidir, lakin bu, etik normaların pozulmasına və insanların narahatlığına səbəb olan görüntülərin yayılmasına əsas vermir".


