Divara söykənərək oturmaq və ya plank hərəkətini həftədə cəmi bir dəfə yerinə yetirmək qan təzyiqinin aşağı səviyyədə saxlanmasına kömək edə bilər. Yeni araşdırma göstərib ki, məşqlərin tezliyini azaltmaqla belə, onların sağlamlığa faydasının bir hissəsini qorumaq mümkündür.
Demokrat.az xəbər verir ki, bu barədə "The Independent" nəşri "BMJ Open Sport & Exercise Medicine" jurnalında dərc olunan tədqiqata istinadən məlumat yayıb.
Araşdırmada orta yaşı 37 olan 100 nəfər iştirak edib. Alimlər xüsusilə izometrik məşqlərin təsirini araşdırıblar. Bu hərəkətlər zamanı əzələlər gərginləşir, lakin oynaqlar hərəkət etmir və əzələlərin uzunluğu dəyişmir. Divara söykənərək oturmaq və plank bu məşqlərə nümunədir.
Səkkiz həftə davam edən tədqiqat zamanı iştirakçıların məşq tezliyi tədricən azaldılıb və bunun qan təzyiqinə təsiri qiymətləndirilib. İlk dörd həftənin sonunda dözümlülüyü artıran intervallı məşqlər edən iştirakçılarda qan təzyiqi nəzarət qrupu ilə müqayisədə təxminən 9,5 mm civə sütunu aşağı olub.
Növbəti dörd həftədə həftədə bir və ya iki dəfə məşq edənlər də təzyiqin azalması nəticəsində əldə olunan faydanın bir hissəsini qoruyublar. Ən yaxşı nəticələr isə həftədə üç dəfə məşq edənlərdə qeydə alınıb.
Tədqiqat müəlliflərindən biri, professor Cim Uaylz bildirib ki, həftədə üç məşq qan təzyiqinin daha nəzərəçarpacaq dərəcədə azalması və fizioloji faydaların daha geniş spektrinin qorunması ilə əlaqəlidir. Bununla belə, hətta həftədə bir dəfə izometrik məşq etmək də qısamüddətli dövrdə əldə edilmiş nəticələrin bir hissəsini saxlamağa kömək edə bilər.
Digər müəllif Harri Sviftin sözlərinə görə, fiziki aktivlik "ya hamısı, ya da heç nə" prinsipi ilə məhdudlaşmamalıdır. İnsanların vaxtı azaldıqda məşqlərin sayını minimuma endirmək belə, daha müntəzəm rejimə qayıdana qədər qan təzyiqinə müsbət təsiri qorumağa kömək edə bilər.
Alimlər qeyd edirlər ki, məşqlərin tezliyi onların faydasına təsir göstərir. Bununla yanaşı, tədqiqatın nəticələri izometrik hərəkətlərin qan təzyiqinə uzunmüddətli təsirini tam müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu aradan qaldırmır.
Jalə


