Azərbaycanda fərdi sahibkar kimi qeydiyyatdan keçən, lakin faktiki olaraq heç bir sahibkarlıq fəaliyyəti göstərməyən şəxslərin adına vergi borcunun yaranması suallar doğurur.
Bəs fəaliyyət göstərməyən sahibkarın adına hansı hallarda vergi borcu hesablana bilər və belə borc yarandıqda onun ləğvi üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vergi məsələləri üzrə ekspert Emin Səttərov bildirib ki, sahibkarlıq subyektləri vergi ödəyicisi kimi daha məsuliyyətli olmalı, fəaliyyət göstərmədikləri dövrlərdə vergi öhdəlikləri və müvafiq bildirişlər barədə məlumatlı olmalıdırlar.

Onun sözlərinə görə, bəzi hallarda şəxslərin adına lizinq müqaviləsi rəsmiləşdirilir, lakin faktiki sahibkarlıq fəaliyyəti olmur:
"Sonradan VÖEN dayandırılsa belə, bank hesablarında aparılan əməliyyatlar vergi orqanında suallar yarada bilər. Əməliyyatların təyinatı düzgün göstərilmədikdə, hesaba daxil olan vəsait gəlir kimi qiymətləndirilə və nəticədə kameral vergi hesablamaları aparıla bilər. Belə halların qarşısını almaq üçün vergi ödəyiciləri bank əməliyyatlarının təyinatını düzgün göstərməli və sənədləşməyə diqqət yetirməlidirlər. Vergi sisteminin elektronlaşması bir çox əməliyyatın məsafədən həyata keçirilməsinə imkan verir. Buna görə də vergi ödəyiciləri elektron xidmətlərdən istifadə etməli və vergi öhdəlikləri ilə bağlı məlumatları vaxtında yoxlamalıdırlar. Əgər vergi orqanı tərəfindən hər hansı hesablama aparılıbsa, lakin şəxsin faktiki sahibkarlıq fəaliyyəti olmayıbsa, o, Dövlət Vergi Xidmətinə müraciət edərək vəziyyəti izah edə və müvafiq sənədləri təqdim edə bilər. Məsələn, hesaba daxil olan vəsaitin kredit olduğunu, lizinq müqaviləsi üzrə əməliyyat aparıldığını və ya pulun şəxsi əmlakın satışından əldə edildiyini təsdiqləyən sənədlər təqdim oluna bilər. Təqdim olunan sənədlər və əməliyyatların mahiyyəti araşdırıldıqdan sonra hesablamaların əsaslı olub-olmaması müəyyən edilə bilər. Əməliyyatın təyinatı aydın olmadıqda və ya bunu təsdiqləyən sənədlər təqdim edilmədikdə isə vergi orqanı əlavə hesablamalar apara bilər".


