Azərbaycanda bank kartlarının sayının 23 milyonu keçməsi nağdsız ödənişlərin geniş yayıldığını göstərir. Bununla belə, kartların sayının artması əhalinin maliyyə vəziyyətinin yaxşılaşdığını birmənalı şəkildə deməyə əsas vermir.
Bəs bu artım insanların maliyyə imkanlarının genişlənməsindən xəbər verir, yoxsa vətəndaşlar gündəlik xərclərini qarşılamaq üçün kreditlərdən daha çox asılı vəziyyətə düşürlər?
Demokrat.az-a bu barədə danışan bank məsələləri üzrə mütəxəssis Emin Kərimov bildirib ki, bank kartlarının, xüsusilə də kredit kartlarının sayının artması nağdsız dövriyyənin genişlənməsi ilə bağlıdır.

Onun sözlərinə görə, əməliyyatların sayı və həcmi üzrə limitlərin tətbiqindən sonra da bu sahədə artım müşahidə olunur:
"Həm ölkə, həm də dünya iqtisadiyyatındakı proseslər nağdsız dövriyyənin daha da genişlənməsini zəruri edir. Günümüzün tələbi olan nağdsız ödənişlərdən istifadə imkanlarının artması, eləcə də bazarda bu sahədə maliyyə alətlərinin çoxalması insanların bankomat qarşısında vaxt itirmədən kartlardan daha aktiv istifadə etməsinə və nəticədə kartlara tələbatın artmasına səbəb olur.
İstehlak kreditlərinin artmasına gəlincə, vətəndaşlar maliyyə vəziyyətlərini yaxşılaşdırmaq və müxtəlif ehtiyaclarını qarşılamaq üçün bu kreditlərdən istifadə edirlər. Hazırda istehlak kreditləri üzrə borcun gəlirə nisbəti əmsalı tətbiq olunduğuna görə kreditləşmə tənzimləyici tələblər əsasında həyata keçirilir. Bu tələblər əvvəlki illərlə müqayisədə həddindən artıq borclanmanın qarşısını almağa xidmət edir.
İstehlak kreditlərinə marağın artması insanların maliyyə alətlərindən daha düzgün istifadə etməsinə və gəlirlərini daha səmərəli istiqamətlərə yönəltməsinə imkan yarada bilər. Vətəndaşlar gündəlik tələbatlarını qarşılamaq, məişət avadanlıqları, avtomobil və mebel almaq, eləcə də səyahət xərclərini maliyyələşdirmək üçün bu kreditlərdən istifadə edirlər.
Əvvəlki illərlə müqayisədə hazırda həddindən artıq borclanmanın qarşısının alınması istiqamətində tənzimləyici mexanizmlər mövcuddur. Mərkəzi Bankın tətbiq etdiyi DTI əmsalı borclanmanın məhdudlaşdırılmasına xidmət edir. Kredit kartları ilə bağlı tənzimləyici tələblər də vətəndaşların düşünülməmiş və nəzarətsiz şəkildə kredit götürməsinin qarşısını almağa yönəlib. Nəticədə kreditləşmənin daha sağlam əsaslarla aparılması, əhalinin borc öhdəliklərinin düzgün idarə olunması və bankların problemli aktivlərlə yüklənmə riskinin azaldılması hədəflənir.
Gəlirlərin düzgün idarə olunması isə, əlbəttə ki, vətəndaşın özündən asılıdır. Nəzarətsiz kreditləşmə lazımsız xərclərin artmasına gətirib çıxara bilər. Şəxs bir neçə bankdan və ya kredit təşkilatından borc götürürsə, həmin öhdəlikləri vaxtında yerinə yetirməlidir. Xərclər düzgün tənzimlənmədikdə isə gec-tez borc çuxuruna düşmək və öhdəlikləri yerinə yetirə bilməmək riski yaranır.
Vətəndaşlar kredit götürərkən öz gəlirlərini və maddi imkanlarını ciddi şəkildə təhlil etməli, borcu hansı mənbədən və necə ödəyəcəklərini əvvəlcədən müəyyənləşdirməlidirlər. Kredit yalnız ödəniş imkanları nəzərə alındıqdan sonra götürülməlidir. Nəzarətsiz və düşünülməmiş kreditləşməyə yol verilməməlidir".


