YapiKredi Müraciət Forması
Dünya

Trampa qarşı yeni zorlama ittihamı - İsveçrənin keçmiş gözəli ifadə verdi - FOTOLAR

Trampa qarşı yeni zorlama ittihamı - İsveçrənin keçmiş gözəli ifadə verdi - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp barəsində irəli sürülən yeni cinsi zorakılıq iddiaları siyasi gündəmin əsas mövzularından birinə çevrilib. İsveçrənin keçmiş gözəli və model Beatris Keul 1993-cü ildə Tramp tərəfindən zorlandığını iddia edib.

Demokrat.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsinin demokrat üzvləri oktyabrın 26-da Ceffri Epşteyn işi ilə bağlı 53 səhifəlik hesabat yayımlayıblar. Sənəddə Keulun ifadəsi ilə yanaşı, digər qadınların da iddiaları yer alıb.

Keulun sözlərinə görə, hadisə Trampın sponsorluq etdiyi "Amerika arzusu" gözəllik müsabiqəsi zamanı baş verib. O, həmin tədbirdə Tramp və sonradan cinsi istismar cinayətlərinə görə məhkum edilmiş Ceffri Epşteynlə tanış olduğunu bildirib. Model iddia edib ki, Tramp ona ABŞ vizası almaq və Nyu-York Universitetinə qəbul olunmaq üçün kömək təklif edib.

Keulun ifadəsinə əsasən, Tramp daha sonra onu qaldığı otel otağına dəvət edərək cinsi zorakılıq törədib. Model hadisədən sonra bədənində göyərmələr və qanaxmalar yarandığını, pasportu əlindən alındığı üçün isə dərhal oranı tərk edə bilmədiyini iddia edib.

Hesabatda Keulun 2024-cü ildə verdiyi müsahibədə Trampın ona qarşı cinsi zorakılığa cəhd etdiyini söylədiyi də qeyd olunub. Lakin əvvəlki açıqlamada hadisənin cəhd mərhələsində qaldığı bildirildiyi halda, yeni sənəddə zorlama iddiası yer alıb. Bu fərqin səbəbi hesabatda açıqlanmayıb.

Ağ Ev ittihamları rədd edir

Hesabatda ümumilikdə 11 qadının ifadələrinin və əlaqəli sənədlərin araşdırıldığı bildirilir. Demokrat komitə üzvlərinin iddiasına görə, qadınlardan beşi Trampın onları Epşteynlə əlaqəli mühitlərdə və ya hadisələr zamanı zorladığını söyləyib.

Ağ Evin sözçüsü Loren Bis ittihamları rədd edərək hesabatın demokratlar tərəfindən siyasi məqsədlərlə hazırlandığını bildirib. Administrasiya həmçinin Trampın Epşteynlə əlaqəli hər hansı cinayət törətmədiyini bəyan edib.

Demokratlar xüsusi prokuror tələb edir

Hesabatda ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə fəaliyyəti də tənqid olunub. Demokratlar bəzi araşdırmaların dayandırıldığını və mümkün cinayət ortaqları ilə bağlı sübutların lazımi səviyyədə araşdırılmadığını iddia ediblər.

Nümayəndələr Palatasının Hüquq Komitəsinin demokrat üzvü Ceymi Raskin məsələnin araşdırılması üçün müstəqil xüsusi prokuror təyin olunmasına çağırıb.

Qeyd edək ki, hesabat ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən səkkiz gün əvvəl açıqlanıb. Trampa qarşı irəli sürülən iddialar hesabatda yer alan ittihamlardır və onların təqdim edilməsi özlüyündə həmin iddiaların məhkəmə tərəfindən təsdiqləndiyi anlamına gəlmir.