YapiKredi Müraciət Forması
Kriminal Özəl

Azərbaycanda əri qadını geyindiyi paltara görə döydü

Azərbaycanda əri qadını geyindiyi paltara görə döydü

Xaçmaz rayonunda 33 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 11-də Xaçmaz rayonunun kəndlərindən birində baş verib.

1993-cü il təvəllüdlü Ənvər həmin gün saat 15:00 radələrində yaşadığı kənddəki fərdi yaşayış evinin yataq otağında arvadı Gülgəz (adlar şərtidir – red.) ilə mübahisə edib.


"Niyə evə gec gəldin?" sualına görə arvadını döydü
Azərbaycanda qadın evə gələn usta ilə ərinə xəyanət etdi - Dava düşdü
Azərbaycanda məktəbli qızla əxlaqsızlıq edən iki dost cəzalandırıldı


İstintaq sənədlərinə görə, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ənvər arvadının bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə yumruq və təpik zərbəsi vuraraq ona xəsarətlər yetirib.

Ənvərə Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Ənvər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Xaçmaz rayonunun kəndlərindən birində yaşadığını, daimi olaraq heç yerdə işləmədiyini və fərdi əməklə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, Gülgəz onun həyat yoldaşıdır. Onlar 2014-cü ildə ailə quraraq birlikdə yaşamağa başlayıblar və iki övladları var.

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 11-də saat 15:00 radələrində yaşadığı evə sərxoş vəziyyətdə gəlib:

"Bu zaman Gülgəz yaşadığımız evin yataq otağında təzə aldığı paltarı geyinirdi. Mən yataq otağına gələrək onun geyindiyi paltarı gördüm və bəyənmədim. Ona paltarı geyinməməsini bildirdim. Gülgəz isə geyindiyi paltara pul verdiyini və buna görə də həmin paltarı geyinəcəyini söylədi. Bundan sonra yataq otağında, qapının qarşısında mənimlə Gülgəz arasında mübahisə yarandı. Sərxoş vəziyyətdə olduğum və əsəbiləşdiyim üçün Gülgəzin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Daha sonra mübahisəni dayandırdım və sonradan sakitləşərək danışıb-güldük".

Təqsirləndirilən şəxs deyib ki, daha sonra yataq otağında yatıb. Ayıldıqdan sonra ona məlum olub ki, Gülgəz qayınatası ilə birlikdə Xaçmaz rayonunun başqa kəndində yaşayan qardaşı Aqilin evinə gedib. Onun ifadəsinə görə, Aqil Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək Gülgəzin döyülməsi barədə məlumat verib.

Ənvər deyib ki, həyat yoldaşına zərbələr vurduğu zaman evdə heç kim olmayıb. Həmin vaxt övladları məktəbdə olduqları üçün hadisəni görən şahid də olmayıb. O, ifadəsində həyat yoldaşı ilə əvvəllər də ailədaxili mübahisələrinin olduğunu bildirib.

Təqsirləndirilən şəxs deyib ki, əvvəllər qardaşını vuraraq onun sağlamlığına yüngül xəsarət yetirdiyinə görə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə məsuliyyətə cəlb edilib. Lakin qardaşı ilə barışdığı üçün cinayət məsuliyyətindən azad olunub. O, hazırkı iş üzrə törətdiyi əməldən çox peşman olduğunu qeyd edib.

İş üzrə zərərçəkmiş Gülgəzin sözlərinə görə, əri Ənvər iş yerində gecə növbəsindən sonra səhər saatlarında yaşadıqları evə gəlib. Həmin gün onun evdən getməli olduğu bir yer olub:

"Lakin Ənvər əynimə geyindiyim paltara irad tutaraq həmin paltarı geyinməyə icazə vermədi. Mən də buna etiraz etdim. Bu zəmində aramızda mübahisə baş verdi. Nəticədə Ənvər məni vuraraq xəsarət yetirdi".

Zərərçəkmiş həmçinin bildirib ki, Ənvərlə himayələrində iki azyaşlı uşaqları var. O, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayətinin olmadığını deyib.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə Ənvərə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Hökmdə qeyd olunub ki, Ənvərə cəza çəkdiyi müddətdə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etmək, habelə Xaçmaz rayonunun ərazi hüdudlarından kənara çıxmaq qadağan edilib.

Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasını təmin etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri həvalə olunub.

Fariz Məlikli

Editor
Redaktor