Ağsu rayonunda 23 yaşlı oğlan bacısına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il mayın 22-də baş verib. 2003-cü il təvəllüdlü Rəvan yaşadıqları evdə bacısı Gülnarə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, Rəvan fərdi yaşayış evinin qarşısında bacısı ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun baş nahiyəsinə təpiklə vurub. Nəticədə ona xəsarətlər yetirib.
Rəvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mayın 22-də ad günü olduğu üçün həmin gün saat 14:00 radələrində yaşadığı evdə ailə üzvləri ilə birlikdə məclis təşkil edib, həmin məclisdə yemək yeyərək spirtli içki qəbul edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, məclis başa çatdıqdan sonra mağazaya gedərək bir ədəd spirtli içki olan araq alıb və həmin içkini küçədə qəbul edib. O deyib ki, saat 19:00 radələrində nənəsinin Ağsu şəhəri, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinə gedib:
"Evin həyətinə daxil olarkən anam Südabə məni gördü və ondan mənə pul verməsini tələb etdim. Anam sərxoş vəziyyətdə olduğumu gördü və məni həyətdə olan yarımtikili sahəyə apardı. Həmin yerdə spirtli içki qəbul etdiyimə görə mənə öz iradlarını bildirdi. Lakin mən təkrarən həmin gün ad günüm olduğunu əsas gətirərək anamdan pul verməsini tələb etdim".
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra həmin yerə bacısı Gülnarə gəlib və ona anası ilə mübahisə etməməsini, əks halda barəsində polisə şikayət edəcəyini bildirib:
"Mən həmin an sakit dayansam da, bacımın bu sözləri mənə mənfi təsir etdi. Sonra bacımın həyətdən çölə çıxdığını gördüm və onun arxası ilə getdim. Küçədə bacımı çağırsam da, o, qaçmağa başladı. Qaçaraq birgə yaşadığımız evin qarşısında bacıma çatdım. Bu vaxt bacım müvazinətini itirərək yerə yıxıldı. Bundan sonra yerdə olan bacımın sifət nahiyəsinə təpiklə vurdum. Hadisə zamanı arxadan gələn anam müdaxilə edərək bizi araladı. Daha sonra yaşadığımız evə daxil olduq. Bir qədər sonra zəng əsasında ünvanımıza gələn polis əməkdaşları tərəfindən məsələyə aydınlıq gətirilməsi və izahatımın alınması üçün polis şöbəsinə gətirildim. Həmin vaxt bizim aramızda mübahisə 5-6 dəqiqə davam etdi. Mübahisə zamanı orada bacım və anamdan başqa heç kim olmayıb. O cümlədən, səs-küyə kənar şəxslər gəlməyib".
İş üzrə zərərçəkmiş Gülnarənin sözlərinə görə, hadisə günü saat 19:00 radələrində Ağsu şəhəri, 20 Yanvar küçəsində yerləşən nənəsinə məxsus fərdi yaşayış evinə gedib. O bildirib ki, nənəsinə məxsus evdə olduğu vaxt qardaşı Rəvanın həyətə daxil olduğunu görüb:
"Rəvan həyətə daxil olduqdan sonra orada yerləşən yarımtikiləyə keçdi. Qardaşımın həmin tikiliyə daxil olması məndə maraq doğurduğu üçün həmin yerə tərəf getdim. Yarımtikilinin içərisində qardaşımın anamla sözlü mübahisə etdiyini gördüm. Mən yüksək səslə qışqıraraq Rəvandan anamdan uzaq durmasını, əks halda polisə zəng edərək məlumat verəcəyimi bildirdim. Bu xəbərdarlıqdan sonra Rəvan sakitləşdi. Mən də nənəmin həyətindən küçəyə çıxdım və yaşadığım ev istiqamətində piyada getməyə başladım. Həyətdən çıxaraq küçə ilə bir neçə metr uzaqlaşmışdım ki, Rəvan da küçəyə çıxdı, arxamca səslənərək yanıma çağırdı. Mən Rəvana gəlməyəcəyimi bildirdim və qaçaraq oradan uzaqlaşmağa çalışdım. Yaşadığımız evin qarşısına çatdıqda Rəvan arxadan mənə yetişdi. Həmin vaxt qaçarkən ayağım sürüşdü və yerə yıxıldım. Yerdə olarkən Rəvan bədənimin müxtəlif nahiyələrinə təpiklə bir neçə dəfə zərbə endirərək məni döyməyə başladı. Rəvandan əl çəkməsini istəsəm də, o, təpiklə baş və sağ göz nahiyəmə vuraraq xəsarət yetirməyə və məni döyməyə davam etdi".
Gülnarənin sözlərinə görə, daha sonra Rəvana yalvararaq onu döyməməsini xahiş edib:
"Lakin Rəvan sakitləşmədi və üzərimə qışqıraraq ayağa qalxmağımı tələb etdi. Ayağa qalxan zaman Rəvandan uzaqlaşmaq istədim. Amma Rəvan məni yenidən təpiklə vurmağa başladı. Bir qədər sonra Rəvan sakitləşərək oradan uzaqlaşdı. Mən də dərhal yaşadığım evə daxil oldum və baş vermiş hadisə barədə anama məlumat verdim. Anam da öz növbəsində telefonla zəng edərək hadisə barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verdi".
Zərərçəkmiş şəxs daha sonra ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib. Təqsirləndirilən şəxsin onun doğma qardaşı olmasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edib.
Ağsu Rayon Məhkəməsinin hökmü ilə Rəvan barəsində 320 saat ictimai işlər cəzası təyin edilib.
Fariz Məlikli


