Ağsu rayonunda 35 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağsu rayonunun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Cavid həmyerlisi Taleh (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, Cavid kənd ərazisində yerləşən fərdi yaşayış evinin həyətində Talehlə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan şifer parçası ilə onun baş nahiyəsinə bir dəfə vuraraq başının sağ alın nahiyəsindən xəsarət yetirib.
Faktla bağlı Cavidə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin onu bağışladığını söyləyib.
Ağsu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli


