YapiKredi Müraciət Forması
Mədəniyyət Özəl

Fərid Cəfərov: Bu il kitab sərgisində iştirak ən yüksək həddə çatıb

Fərid Cəfərov: Bu il kitab sərgisində iştirak ən yüksək həddə çatıb

"Bu gündən etibarən, XII Bakı Beynəlxalq Kitab Sərgisinə start verilir. Kitab sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Dövlət Nəşr Şirkətinin dəstəyi əsasında həyata keçirilir".

Bu sözləri XII Bakı Beynəlxalq Kitab Sərgisində Mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

Onun sözlərinə görə, bu ilki kitab sərgisində iştirakçılıq baxımından əvvəlkilərlə müqayisədə ən yüksək rəqəmlərin olduğunu deyə bilərik:

"Yerli iştirakçılar sırasında 148 nəşriyyat və təşkilat öz stendi ilə təmsil olunur. Bununla yanaşı, beynəlxalq iştirakçılıqda da artım müşahidə olunmaqdadır. Belə ki, 32 ölkədən 59 nəşriyyat və təşkilat da kitab sərgisində iştirak edir. Xüsusilə qeyd etmək lazımdır ki, kitab sərgisində bir sıra dövlət qurumları və ali təhsil müəssisələri də öz nəşrlərini xüsusi stendlərdə təqdim edəcəklər. Xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin demək olar ki, əksəriyyəti öz stendlərində xarici nəşrləri təqdim edirlər. Bildiyiniz kimi, təşkilat komitəsi tərəfindən sərginin fəxri yazarları da seçilib və elan edilib. Fəxri yazarlar xalq şairi Sabir Rüstəmxanlı və uşaq yazarı Vəha Yusifqızıdır. Eyni zamanda, bir sıra xarici ölkələrdən tanınmış yazarların da dəvət olunması nəzərdə tutulub".

Fərid Cəfərov əlavə edib ki, ümumilikdə, sərgi çərçivəsində yeddi gün ərzində 300-dən çox müxtəlif səpkili tədbir keçiriləcək:

"Bu tədbirlər əsasən yerli və xarici yazarlarla görüşlərdən ibarətdir. Bununla yanaşı, müxtəlif mövzulara həsr olunmuş, xüsusilə ədəbiyyatın təbliği və təqdimatı ilə bağlı yerli və beynəlxalq səviyyəli tədbirlər, konfranslar da keçiriləcək. Bir məqamı da qeyd etmək istəyirəm ki, bu kitab sərgisində yalnız kitabların təqdimatı və görüşlər deyil, eyni zamanda nəşriyyatlar arasında işgüzar görüşlərin keçirilməsi üçün də xüsusi yer ayrılıb. Kitab sərgisinin mövzusu ümumilikdə uşaqlara həsr olunub. Loqosu və şüarı isə "Həyat ekrandan daha böyükdür" ifadəsi ilə başlayır. Bu da təbii ki, uşaqlarımızın kitablara daha da yaxınlaşdırılmasına, ədəbiyyatımızın gənc nəsil arasında daha geniş şəkildə yayılmasına və təbliğinə hesablanıb.Bu baxımdan, sərgi ərazisində uşaqlar üçün xüsusi zonalar da yaradılıb. Biz buradan bütün məktəblərə və valideynlərə çağırış edərək onları uşaqları ilə birlikdə bu sərgidə iştirak etməyə dəvət edirik".

Fidan Hacızadə

Editor
Redaktor