Hamımız həyat qurmağa, gələcəyimizi təmin etməyə çalışarkən bəzən həyatımızın ən dəyərli insanlarını arxa plana atırıq. Ən acınacaqlısı isə budur ki, çox vaxt bunu etdiyimizin fərqinə belə varmırıq.
Bəs evdə bizi gözləyən yaşlı insanlar haqqında nə qədər düşünürük?
Bir vaxtlar əlimizdən tutub bizi yeriməyə öyrədən, gecələr başımızın üstündə keşik çəkən, xəstələnəndə bizdən daha çox narahat olan, sevincimizə bizdən çox sevinən insanlar indi bəzən bir telefon zənginə möhtac qalırlar. Bir vaxtlar bizim üçün hər şeyə vaxt tapan valideynlərimiz, nənə və babalarımız indi bizdən bir neçə dəqiqəlik söhbət gözləyirlər.
Onlar bəzən saatlarla telefonun səsinə qulaq kəsilirlər. Bəlkə bu gün övladları zəng edər, nəvələri gəlib onları görər, kimsə qapını döyüb hal-əhval tutar deyə gözləyirlər. Amma biz yenə məşğuluq. İşimiz var, görüşümüz var, çatdırmalı olduğumuz işlər var. Özümüzə görə min bir səbəbimiz var.
Bir zəng etmək üçün beş dəqiqəmiz olmur. Halbuki saatlarla sosial şəbəkələrdə vaxt keçirə, əhəmiyyətsiz məsələlərə görə mübahisə edə, günün sonunda heç xatırlamadığımız şeylərə zaman ayıra bilirik. Amma bizi sevən bir insanın səsini eşitmək üçün bəzən həmin beş dəqiqəni belə tapa bilmirik. Bəlkə də yaşlı insanların ən böyük qorxusu ölüm deyil, unudulmaqdır. Özlərini artıq heç kimə lazım olmayan biri kimi hiss etmək, ailələrinin həyatında əvvəlki yerlərini itirmək, günlərin birində hamının onları xatırlamağı dayandırması...
Çünki yaşlılıq təkcə saçların ağarması, üzə qırışların düşməsi deyil. Yaşlılıq həm də insanın əvvəlki gücünü itirməsi, hər işi özü görə bilməməsi, bəzən sözünü dinləyəcək, dərdini bölüşəcək birinə ehtiyac duymasıdır. Bir vaxtlar hamının qayğısına qalan insanın özü qayğıya möhtac qalmasıdır.
Onların istədiyi hər zaman bahalı hədiyyələr, böyük süfrələr, dəbdəbəli görüşlər deyil. Bəzən bir fincan çay içə-içə söhbət etmək, köhnə xatirələri danışmaq, nəvəsinin gülüşünü eşitmək, kiminsə əlini tutub özünü tək hiss etməmək kifayətdir.
Bəzən kiçik bir hədiyyə belə onların üzündə böyük bir təbəssüm yaradır. Sevdikləri bir şirniyyatı almaq, xoşladıqları bir yeməyi hazırlamaq, qapılarını döyüb qəfil ziyarət etmək...
Bunlar bizim üçün adi görünə bilər. Amma bütün günü evdə tək keçirən bir insan üçün həmin an bəlkə də həftənin ən gözəl hadisəsidir.
Çünki hədiyyənin qiymətindən daha vacib olan xatırlanmaqdır. İnsana "Səni düşündüm", "Sənin üçün darıxdım", "Necəsən?" deməkdir. Bəzən bircə səmimi cümlə insanın qəlbində uzun müddət yaşayır.
Bəzən bir insanın ehtiyacı olan yeganə şey unudulmadığını hiss etməkdir.
Bir gün gələcək o boş vaxtı tapacayıq amma nənə-babamızı yox. Ona görə onlar həyatdaykən onları necə sevdiyimizi dəyər verdiymizi hiss elətdirək.


