Bu gün Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinə start verilib. Sərgidə müxtəlif nəşriyyatların kitabları nümayiş olunur, oxucular yeni nəşrlərlə tanış olmaq imkanı əldə edirlər. Son illər Azərbaycanda kitab bazarında müəyyən canlanma müşahidə olunur. Yeni nəşriyyatların və kitab mağazalarının fəaliyyətə başlaması, eləcə də oxucu marağının artması kitab sənayesindəki dəyişiklikləri gündəmə gətirir.
Bəs son illər Azərbaycanda kitab bazarında hansı dəyişikliklər baş verib? Oxucular daha çox hansı janrlara üstünlük verirlər və gənclərin kitaba marağı hansı səviyyədədir?
Demokrat.az mövzu ilə bağlı XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən nəşriyyat və kitab sənayesi nümayəndələrinin fikirlərini öyrənib.
"Qanun" Nəşriyyatının təsisçisi və direktoru Şahbaz Xuduoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, son beş ildə kitab tirajlarında 20-30 faiz artım qeydə alınıb.

Onun sözlərinə görə, buna təsir edən əsas amillərdən biri kitabların ƏDV-dən azad edilməsi, yeni nəşriyyatların yaranması və nəşriyyatların kitab seçimi baxımından daha sərbəst fəaliyyət göstərməsidir:
"Eyni zamanda, yeni kitab mağazalarının açılması və cəmiyyətdə kitaba münasibətin dəyişməsi də tirajların artmasına təsir göstərib. Bu dəyişikliklər yalnız kitab tirajlarında deyil, nəşrlərin çeşidliliyində də özünü göstərir. Onun sözlərinə görə, oxucular əsasən uşaq ədəbiyyatına, klassik əsərlərə və romanlara maraq göstərirlər. Bununla yanaşı, sahə ədəbiyyatına da daim ehtiyac var".
Nəşriyyat rəhbəri əlavə edib ki, kitab oxuyanların əsas hissəsini gənclər və orta yaşlı insanlar təşkil edir. Xüsusilə 18-40 yaş aralığında olan oxucular daha fəaldır.
"Əli və Nino" kitab şəbəkəsinin sahibi Nigar Köçərli də kitab bazarında artımın olduğunu bildirib.

O qeyd edib ki, ƏDV-nin ləğvindən sonra kitab bazarında ciddi inkişaf müşahidə olunur və sərgidə çoxsaylı yeni nəşriyyatların iştirakı da bunu göstərir:
"Azərbaycanda kitab mağazalarının sayı hələ də yetərli deyil. Bakı şəhərində ən azı 500-600 kitab mağazası olmalıdır. Halbuki onun qiymətləndirməsinə əsasən, ölkə üzrə fəaliyyət göstərən kitab mağazalarının sayı təxminən 60-70-dir".
21 ildir kitabçılıq fəaliyyəti ilə məşğul olan N.Köçərli bildirib ki, bu müddət ərzində oxucuların maraqlarında da dəyişikliklər baş verib:
"İnsanlar daha çox kitab oxumağa başlayıb, elmi-populyar və tarixi ədəbiyyata maraq artıb. Bununla yanaşı, detektiv əsərlər və romanlar da geniş oxucu auditoriyasına malikdir. Gənclərin kitab oxumadığı barədə fikirlərlə razılaşmıram. "Əli və Nino" kitab şəbəkəsinin əsas oxucu auditoriyasını məhz gənclər təşkil edir. Sərgiyə gələnlərin əksəriyyəti də 18-27 yaş aralığında olan şəxslərdir.
Uşaq tərbiyəsi və dövlət yetişdirmə məsələləri üzrə elmi araşdırmaçı Siyavuş Quliyev isə kitablarının nəşr sayının artdığını bildirib.

O qeyd edib ki, əsərlərinin ikinci, üçüncü və dördüncü nəşrləri çap olunub. Son üç-dörd il ərzində oxuculara 10 mindən çox kitab çatdırdığını deyən S.Quliyev əsasən övlad tərbiyəsi və pedaqogika mövzularında yazdığını vurğulayıb.
Araşdırmaçının sözlərinə görə, kitabları övladların düzgün yetişdirilməsi, böyüdülməsi, eləcə də valideynlərə psixoloji və emosional dəstək göstərilməsi məqsədi daşıyır:
"Nəşrlər əsasən yeniyetməlik dövründən başlayaraq müxtəlif yaş qruplarına aid mövzuları əhatə edir. Beləliklə, kitab sənayesi nümayəndələrinin fikirləri göstərir ki, Azərbaycanda kitaba maraq və nəşrlərin çeşidliliyi baxımından müsbət dəyişikliklər müşahidə olunur. Bununla yanaşı, kitab mağazalarının sayının artırılması və kitabların daha geniş oxucu kütləsinə çatdırılması sahənin qarşısında duran əsas məsələlərdən biri olaraq qalır".
Fidan Hacızadə


