Mədəniyyət Özəl

"Özümüzü tanımadan mədəniyyətimizi xaricdə tanıda bilmərik"

Özümüzü tanımadan mədəniyyətimizi xaricdə tanıda bilmərik

"Kitab prosesi mənəvi prosesdir. Bu gün ən önəmli məsələlərdən biri Azərbaycan kitabının dünyada tanıdılmasıdır. Bunun əsas şərti isə özümüzü tanımaqdır. Biz özümüzü tanımadan mədəniyyətimizi xaricdə tanıda bilmərik".

Demokrat.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı təşkil olunan mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə bildirib.

Onun sözlərinə görə, "Azərbaycan Mədəniyyəti – 2040" konsepsiyasının əsas vəzifələrindən biri də Azərbaycan ədəbiyyatının xaricdə, dünya ədəbiyyatının isə Azərbaycanda tanıdılması istiqamətində fəaliyyət göstərməkdir:

"Bu prosesdə kitab sərgiləri mühüm rol oynayır. Hər il Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisində kitab sənayesinin həm yerli, həm də xarici nümayəndələri iştirak edirlər. Bu il sərgidə 32 xarici ölkədən 59 təşkilatın iştirakı nəzərdə tutulub. Bakı Kitab Sərgisinə beynəlxalq səviyyədə ciddi maraq var. Bəzi yerlərdə sərgi regional əhəmiyyətli tədbir kimi qiymətləndirilsə də, burada iştirak edən xarici tərəfdaşların sayı beynəlxalq miqyasda tanınan bir sıra kitab sərgiləri ilə müqayisə oluna bilər. XII Bakı Beynəlxalq Kitab Sərgisi bu il uşaqlara həsr olunub. Hər il sərginin özünəməxsus mövzusu olur. Bu il isə əsas mövzu uşaqlar, yəni gələcəyimizdir. Sərginin 12-ci dəfə keçirildiyi ildə məhz bu mövzunun seçilməsi mənim üçün xüsusi məna daşıyır. Mən 12 yaşımda doğma yurdumdan köçkün düşmüşdüm və həmin vaxt özümü nə qədər yiyəsiz hiss etdiyimi xatırlayıram. Bu gün isə ərazi bütövlüyünü təmin etmiş dövlətin vətəndaşları olaraq kitab sərgisini uşaqlara həsr edirik. O vaxtla indiki dövr arasında böyük fərq var. Bu gün dövlətimizin Azərbaycan kitabının xaricdə tanıdılması və yerli oxuculara təqdim edilməsi istiqamətində inamlı siyasəti mövcuddur. Bu il sərgidə 32 ölkədən 59 xarici təşkilatla yanaşı, 148 yerli təşkilatın da iştirakı gözlənilir. Yerli iştirakçılar arasında nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab sənayesinin digər tərəfdaşları var.

Vasif Qurbanzadə əlavə edib ki, bu il əvvəlki illərdə iştirak edən ölkələrlə yanaşı, ABŞ, İngiltərə, Polşa və Səudiyyə Ərəbistanının da təmsilçiliyinin genişlənməsi nəzərdə tutulur:

"Həmçinin Frankfurt Kitab Sərgisi çərçivəsində Bakı sərgisində xarici tərəfdaşların iştirakını təmin etmək məqsədilə 40-dan çox görüş keçirilib. Sərgi müddətində üç təqdimat salonunda və nəşriyyat stendlərində 300-dən çox tədbirin təşkili planlaşdırılır. Bu il sərgidə iştirak edəcək müəlliflər arasında 80 yaşını qeyd edən Xalq şairi Sadıq Züstanlı və əsərləri oxucular arasında maraqla qarşılanan yazıçı Reyhan Yusifqızı da var. Xarici fəxri qonaqlar sırasında isə dünya şöhrətli yazıçı Pərinuş Səmini və uşaqlar, yeniyetmələr üçün əsərləri ilə tanınan Darin Simpson yer alır. Onların oxucularla görüşləri də təşkil olunacaq".

Fidan Hacızadə

Editor
Redaktor