Mədəniyyət Özəl

Orxan Fikrətoğlu Azərbaycan ədəbiyyatının gələcəyindən danışdı

Orxan Fikrətoğlu Azərbaycan ədəbiyyatının gələcəyindən danışdı

"XX əsr ədəbiyyatı Cümhuriyyət dövrü, sovet dövrü və müstəqillik dövrü ədəbiyyatı kimi mərhələlərlə üz-üzə qalır. Mədəniyyət Nazirliyi olaraq gerçək Azərbaycan ədəbiyyatının hansı üzünü, hansı qatını, hansı fəlsəfi reallıqlarını önə çıxarırıq və bu reallıqlardan Azərbaycan xalqının gələcəyini müəyyən edəcək hansı mənəvi mühiti formalaşdırırıq? Məhz bu, bugünkü Mədəniyyət Nazirliyinin ədəbiyyat siyasətinin ana qayəsidir".

Demokrat.az xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı təşkil olunan mətbuat konfransında mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu bildirib.

Orxan Fikrətoğlu qeyd edib ki, qədim dövrlərdən başlayaraq, daş abidələrdə və daş kitablarda yazılmış ədəbi dastan nümunələrində öz əksini tapan, təfəkkürümüzə həkk olunmuş reallıqlar meyar olaraq gündəmə gətirilir:

"Bugünkü ədəbiyyatın təşkilatlanması birmənalı olaraq dünya ədəbiyyatı kontekstində həyata keçirilməlidir. Lakin bu proses əsrlərdən süzülüb gələn ənənələrə, həmin reallıqlara və milli yaddaşa əsaslanmalıdır. Xüsusilə milli yaddaşı vurğulamaq istəyirəm. Çünki yaddaş olmadığı halda nə millət təşkilatlanır, nə də dövlət güclənir. Bu, çox mühüm məsələdir.

Həmin ənənələr üzərində yeni təşkilatlanmanın və yeni ədəbi üfüqlərin formalaşdırılması bu gün Mədəniyyət Nazirliyinin vəzifəsidir. Bu baxımdan, festivalların, kitab sərgilərinin və yarmarkaların təşkili mühüm addımdır".

Fidan Hacızadə

Editor
Redaktor