Amerikalı milyarder İlon Maskın övladının anası Eşli Sent-Kler münasibətləri barədə danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaltdığı iddia edilir.
Demokrat.az xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da nümayişə çıxarılan "Mask" adlı sənədli filmində məlumat verilib.
28 yaşlı keçmiş mühafizəkar influenser Eşli Sent-Kler İlon Maskla 2023-cü ildə "Twitter" (indiki "X") vasitəsilə tanış olduğunu bildirib. Onun sözlərinə görə, milyarder sosial şəbəkədəki paylaşımlarına tez-tez reaksiya verir, hətta Analar Günü münasibətilə etdiyi paylaşımından sonra ona daha çox uşaq dünyaya gətirməyi məsləhət görüb.
Sent-Kler Maskı ağıllı və mehriban, eyni zamanda qeyri-adi xarakterə malik insan kimi xarakterizə edib. Onun iddiasına görə, milyarder dəfələrlə onunla uşaq sahibi olmaq istədiyini bildirib və 10 övlad dünyaya gətirməsini təklif edib.
Lakin münasibətlərinin oğulları Romulusun doğulmasından sonra dəyişdiyi bildirilir. Sənədli filmdə qeyd olunur ki, Maskın yaxın köməkçisi Cared Birçoll uşağın maddi təminatı ilə bağlı razılaşma adı altında Sent-Klerlə məxfilik müqaviləsini müzakirə edib.
Sent-Klerin sözlərinə görə, müqavilədə ona birdəfəlik 15 milyon dollar, eləcə də 20 il ərzində hər ay 100 min dollar ödənilməsi nəzərdə tutulub. O, sənədi imzalamaqdan imtina edib.
Eşli Sent-Kler 2024-cü ilin sonlarında övladının dünyaya gəldiyini ictimaiyyətə açıqladıqdan sonra, filmdəki iddialara əsasən, aylıq ödəniş əvvəlcə 100 min dollardan 40 min dollara, daha sonra isə 20 min dollara endirilib.
Tərəflər arasında hazırda uşağın qəyyumluğu ilə bağlı məhkəmə çəkişməsi də davam edir. Sent-Kler oğlunun təkbaşına qəyyumluğunun ona verilməsi üçün məhkəməyə müraciət edib. İlon Maskın isə qəyyumluq məsələsində öz mövqeyini müdafiə edəcəyi bildirilir.


