Dünya

Ronaldo mineral su biznesinə 10 milyon avro yatırdı

Ronaldo mineral su biznesinə 10 milyon avro yatırdı

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo biznes fəaliyyətini genişləndirərək mineral su istehsalına sərmayə yatırıb. O, yeni su brendinin yaradılması üçün 10 milyon avro vəsait ayırıb.

Demokrat.az xəbər verir ki, bu barədə "SIC Noticias" telekanalı xəbər yayıb.

Layihədə Ronaldonun tərəfdaşı Portuqaliyanın "Grupo Outeirinho" şirkətidir. Şirkət də eyni məbləğdə investisiya yatıracaq. Beləliklə, layihəyə ümumilikdə 20 milyon avro sərmayə qoyulacaq. Tərəflərin hər birinin yeni biznesdə 50 faizlik paya sahib olacağı qeyd edilir.

Hazırda Portuqaliyanın Braqansa bələdiyyəsində mineral suyun qablaşdırılması üçün zavod inşa olunur. Müəssisənin tikintisinin tamamlanması və məhsulun həm yerli, həm də xarici bazarlara çıxarılması 2027-ci ilin sonuna planlaşdırılıb.

Yeni brendin vizual üslubunun hazırlanmasına İtaliyanın dizayn şirkəti cəlb edilib. Layihənin mərhələli şəkildə həyata keçirilməsi nəticəsində onlarla yeni iş yerinin açılması da gözlənilir.

Məlumatda bildirilir ki, layihənin tərəfdaşı olan "Grupo Outeirinho" Portuqaliya su bazarının 45 faizinə sahib olduğunu açıqlayıb.