Tovuz rayonunda 25 yaşlı oğlan qardaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Tağı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Zülfüqarın (adlar şərtidir – red.) alın və göz nahiyələrinə təpik zərbələri vuraraq ona xəsarətlər yetirib.
Tağının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Tağı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Zülfüqar onun qardaşıdır, münasibətləri hər zaman normal olub, aralarında heç bir ədavət və münaqişə olmayıb:
"Qardaşım spirtli içkilərə aludədir. Spirtli içkilər qəbul etdikdən sonra öz davranışlarına nəzarət edə bilmir. O, sərxoş vəziyyətdə dəfələrlə evdə mübahisə yaradıb. Hadisədən əvvəlki gün axşam saat 19 radələrində atamla işdən evə gəldim. Biz evə gəldiyimiz zaman Zülfüqar evdə tək olub. O, atamdan iki manat istədi. Atam ona pulu olmadığını dedi. Qardaşım daha sonra getdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü gecə saat 01 radələrində yataq otağında olarkən Zülfüqar ondan çarpayını ona verməsini xahiş edib və digər otaqda yatmasını istəyib:
"Mən digər otağa keçərək çarpayını Zülfüqara verdim. O, bir qədər sonra mənim yataq otağıma gəldi və ünvanıma nalayiq küçə söyüşləri işlətdi. Daha sonra əlləri ilə məni boğmağa başladı. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbi halda ayağa qalxdım. Bu zaman Zülfüqar yerə yıxıldı. Təpiklə Zülfüqarın sifət nahiyəsinə zərbə vurdum. Təpik onun göz ətrafına dəydi. Zülfüqar gözaltı nahiyəsindən xəsarət aldı. O, əsəbi halda evdə olan televizora yumruq zərbəsi vurdu. Həmçinin istilik peçinə təpiklə vurdu. Daha sonra qardaşım Daxili İşlər Nazirliyinin 102 xidmətinə döyülməsi barədə məlumat verdi".
Zərərçəkmiş şəxs də məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, onun barəsində şikayət və tələbinin olmadığını bildirib.
Tovuz Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli


