Bank sistemindən maliyyə tapmaqda çətinlik çəkənlər və təcili pul lazımdır deyənlər alternativ yollara müraciət edirlər. Bu zaman mikroşirkətlərin təqdim etdiyi imkanlar yada düşür. Lakin bu təşkilatların tətbiq etdiyi faizlər, ödəniş vaxtı və daxili şərtlər vətəndaşa əlavə maliyyə yükü yarada bilər. Ona görə də müraciət etməzdən əvvəl bu qurumların iş qaydasını dəqiq öyrənmək lazımdır.
Mikrokredit təşkilatları banklardan hansı xüsusiyyətlərinə görə fərqlənir?
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, bank olmayan kredit təşkilatları, vətəndaşlardan depozit qəbul edə bilmirlər:

"Buna görə də onların əsas maliyyə mənbələri üç istiqamətdən ibarətdir: sahibkarların verdiyi vəsaitlər, banklardan götürdükləri kreditlər və istiqraz buraxmaqla cəmiyyətdən cəlb etdikləri vəsaitlər. Bu üç mənbənin də maya dəyəri bankların vəsait cəlb etmək imkanları ilə müqayisədə daha yüksəkdir. Banklar vətəndaşlardan depozitlər, cari hesab qalıqları, kartlarda olan vəsaitlər və digər mənbələr vasitəsilə daha ucuz maliyyə cəlb edə bilirlər. BOKT-lərin isə belə imkanı yoxdur. Onlar məcburən banklardan kredit götürməli, istiqraz buraxmalı və ya sahibkarlarından vəsait cəlb etməlidirlər. İstiqraz buraxmaq da, sahibkardan vəsait cəlb etmək də nisbətən bahalı maliyyə mənbələridir".
Onun sözlərinə görə, BOKT-lərin əsas fərqlərindən biri də məhz vəsaiti daha baha cəlb etmələridir:
"Eyni zamanda, banklardan kredit ala bilməyən müştərilər mikro kreditləşmə üçün bu təşkilatlara müraciət edirlər. Banklar hansı müştərilərə kredit vermirlər? Əsasən, riskli hesab etdikləri müştərilərə. Həmin şəxslər də BOKT-lərə üz tuturlar. Beləliklə, BOKT-lərin həm maliyyə mənbələrinin maya dəyəri yüksək olur, həm də kredit verdikləri müştərilərin risk səviyyəsi artır. Bundan əlavə, BOKT-lərin verdiyi kreditlər kiçik həcmli olduğuna görə faiz dərəcələri də müqayisəli şəkildə daha yüksək olur".


