Ətirlər gündəlik şəxsi qulluq vasitələri arasında geniş istifadə olunsa da, onların tərkibindəki bəzi kimyəvi maddələr və ətirverici komponentlər dəridə qızartı, qaşınma, allergik reaksiyalar və qıcıqlanma yarada bilər. Xüsusilə həssas dəriyə sahib şəxslərdə ətirdən düzgün istifadə edilməməsi müxtəlif dəri problemlərinə səbəb ola bilər.
Bəs ətiri birbaşa dəriyə, yoxsa paltara püskürtmək daha təhlükəsizdir və istifadə zamanı hansı qaydalara əməl olunmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev bildirib ki, ətirlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, onların tərkibindəki bəzi kimyəvi maddələr müəyyən insanlarda dəri problemlərinə səbəb ola bilər.

Onun sözlərinə görə, burada əsas məsələ ətirin qiyməti və ya markası deyil, onun kimyəvi tərkibi və insan dərisinin həmin maddələrə fərdi həssaslığıdır:
"Ətirlərin əksəriyyətinin tərkibində etil spirti, müxtəlif aromatik birləşmələr, efir yağları və digər köməkçi maddələr olur. Spirt dərinin təbii qoruyucu təbəqəsinə təsir edərək quruluq və qıcıqlanma yarada bilər. Bəzi aromatik maddələr isə allergik reaksiyalara səbəb ola bilər. Belə hallarda dəridə qızartı, qaşınma, yanma hissi, səpgilər, hətta qabarcıqlar müşahidə edilə bilər. Tibbdə bu vəziyyət "kontakt dermatit" adlandırılır. Allergik reaksiya hər zaman dərhal yaranmır. Bəzən ətirdən istifadə etdikdən bir neçə saat, hətta bir-iki gün sonra özünü göstərə bilər. Üstəlik, insan illərlə istifadə etdiyi ətirə qarşı da zamanla həssaslıq qazana bilər. Digər diqqətəlayiq məqam bəzi ətir komponentlərinin günəş şüaları ilə qarşılıqlı təsiridir. Xüsusilə müəyyən sitrus mənşəli efir yağlarının tərkibindəki maddələr ultrabənövşəyi şüaların təsiri altında dəridə iltihab, yanığa bənzər dəyişikliklər və sonradan piqment ləkələri yarada bilər.
Bununla belə, bütün ətirlərin dəri üçün zərərli olduğunu söyləmək düzgün olmaz. İnsanların böyük əksəriyyəti ətirlərdən heç bir problem yaşamadan istifadə edir. Risk daha çox həssas dərisi, allergiyaya meyilliliyi və atopik dermatiti olan şəxslərdə artır.
Dəri sağlamlığı baxımından, xüsusilə həssas dərisi olan insanlar üçün ətiri birbaşa bədənə deyil, paltarın üzərinə püskürtmək daha məqsədəuyğun hesab edilə bilər. Bu zaman ətirin tərkibindəki maddələrin dəri ilə birbaşa təması azalır və qıcıqlanma ehtimalı müəyyən qədər aşağı düşür.
Lakin burada da bəzi məqamları nəzərə almaq lazımdır. Ətir paltarın üzərində ləkə yarada, xüsusilə ipək və digər zərif parçaların rəngini dəyişə bilər. Bundan başqa, ətir vurulmuş geyim dəri ilə uzun müddət sıx təmasda olduqda həssas insanlarda yenə də allergik reaksiya yarana bilər. Ətirdən istifadə zamanı bir neçə sadə qaydaya əməl etmək tövsiyə olunur. İlk növbədə, ətiri həddindən artıq miqdarda istifadə etmək lazım deyil. Onu zədələnmiş, qıcıqlanmış, günəşdən yanmış dəriyə, eləcə də təraşdan dərhal sonra püskürtmək məsləhət görülmür. Gözlərə, üzün həssas nahiyələrinə və selikli qişalara düşməsindən çəkinmək lazımdır.
Xüsusilə yay aylarında, günəş altında uzun müddət qalmağı planlaşdırarkən, ətiri boyun və dekolte kimi günəşə açıq dəri sahələrinə birbaşa vurmaqdan çəkinmək daha məqsədəuyğundur. Ətir istifadə etdikdən sonra dəridə qaşınma, qızartı və ya yanma hissi yaranarsa, həmin nahiyəni su ilə yumaq və məhsuldan istifadəni dayandırmaq lazımdır. Şikayətlər davam edərsə, dermatoloqa müraciət edilməlidir. Ətirin bahalı, tanınmış brendə məxsus və ya tamamilə təbii olması onun mütləq təhlükəsiz olduğu anlamına gəlmir. Təbii efir yağları da allergiyaya səbəb ola bilər. Əsas məsələ keyfiyyətli məhsul seçmək, ondan ölçülü istifadə etmək və öz orqanizminizin reaksiyasına diqqətlə yanaşmaqdır".


