Özəl Texnologiya

Süni intellekt insanlara tapşırıqlar verib pul ödəyəcək

Süni intellekt insanlara tapşırıqlar verib pul ödəyəcək

Bu gün demək olar ki, bütün məsələlərlə bu və ya digər şəkildə əlaqələndirilən süni intellekt texnologiyaları yenidən gündəmin əsas mövzularındandır. Süni intellektin insanlara müəyyən məkanlarda tapşırıqlar verəcəyi və onların müqabilində pul ödəyəcəyi ssenarilər artıq həyatımıza daxil olmağa başlayıb. Ekspertlər hesab edirlər ki, bu proses yaxın gələcəkdə fərqli və bəlkə də heç də zərərsiz olmayan bir mərhələnin başlanğıcı ola bilər.

Demokrat.az xəbər verir ki, süni intellekt texnologiyalarının bəşəriyyəti ələ keçirəcəyini və ya sivilizasiyanın sonunu gətirəcəyini indidən söyləmək çətindir. Lakin bu texnologiyaların həyatımızda getdikcə daha çox yer tutduğu şübhəsizdir.

Bu çərçivədə ABŞ-də müzakirə olunan məsələlərdən biri də süni intellektin insanlara müəyyən tapşırıqlar verməsi və hər tamamlanmış tapşırıq müqabilində ödəniş etməsidir.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Burak Bozkurtlar "Süni intellekt insanları pul qarşılığında işlədəcək" kimi ifadə olunan bu prosesin təfərrüatlarından danışıb.

Bozkurtların sözlərinə görə, proses əslində sadə tapşırıqlarla başlayacaq. Yaşadığınız şəhəri, vərdişlərinizi və gündəlik marşrutunuzu bilən texnologiya şirkətləri bu məlumatları süni intellektlə də paylaşırlar.

Bu mərhələdə süni intellekt işə düşərək, məsələn, yaşadığınız ərazidəki bir marketin tərəvəz və meyvə bölməsinin şəklinin çəkilməsi ilə bağlı tapşırıq yarada bilər. Marketə gedərək şəkil çəkən və onu süni intellekt tətbiqi ilə paylaşan şəxs bunun müqabilində pul qazanacaq.

"Razılaşmanı təsdiqləyərkən təqdim edəcəyiniz bank hesabına pul köçürə bilərlər. Tapşırıqları tamamladıqca daha çox qazanacaq, daha çox qazandıqca isə yeni tapşırıqlar istəyəcəksiniz", – deyə Bozkurtlar bildirib.

Lakin Burak Bozkurtlar prosesin sonrakı mərhələlərində heç də zərərsiz olmayan ssenarilərin də gündəmə gələ biləcəyi barədə xəbərdarlıq edib.

O, müəyyən məkanın davamlı olaraq fotoşəkillərinin çəkilməsi, dövlət binasının giriş-çıxışının videoya alınması, hətta konkret avtomobilin və ya şəxsin şəklinin çəkilərək sistemə yüklənməsi kimi tapşırıqlardan bəhs edib.

"Bu gün sizdən tərəvəz-meyvə bölməsinin şəklini çəkdirməyi istəyən sistem sabah özü üçün vacib, lakin sizin üçün adi görünən bir hədəfin fotosunu tələb edə bilər. İnsanlar həmin anda yaxşı iş gördüklərini düşünərək və pul qazanmaq motivasiyası ilə bu işi davam etdirə bilərlər. Ancaq nəticədə bu cür yeniliklər təhlükəli bir dövrün başlanğıcına da səbəb ola bilər", – deyə ekspert fikirlərini yekunlaşdırıb.