Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində 1 milyard 386,4 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz çoxdur. Ümumilikdə, istehlakçıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların payına düşüb.
Bu artım əhali arasında xəstəliklərin çoxalması ilə əlaqələndirilə bilərmi?
Terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bugünkü dövrdə xəstəliklərin yayılma səviyyəsi əvvəlki illərlə, xüsusilə də son 10 illə müqayisədə artıb:

"Bu da istər-istəməz tələbatın yüksəlməsinə, istehlakçıların tibbi ləvazimatlara və dərman preparatlarına daha çox pul xərcləməsinə gətirib çıxarır. Bu artımı başqa amillərlə də izah etmək olar. Belə ki, Azərbaycan dərman bazarında satılan məhsulların bir hissəsi konkret təsiredici maddələrə malik dərman preparatları, digər hissəsi isə qida əlavələridir. Qida əlavələrini də dərman preparatları ilə eyni siyahıda nəzərə alsaq, onların satışının artması ümumi göstəricilərə təsir edə bilər".
Həkim əlavə edib ki, hazırda Azərbaycan dərman bazarında D vitamininin 50-yə yaxın növü satılır:
"D vitamini də qida əlavəsi kimi təqdim olunan məhsullar sırasındadır. Digər qida əlavələrinin sayının artmasını da nəzərə alsaq, onların apteklərdə satılan məhsulların ümumi həcminə təsiri aydın görünər. Bu məhsullar konkret dərman vasitələri olmasa da, əczaçılıq məhsullarının satış göstəricilərinə daxil edildikdə ümumi artımın daha yüksək görünməsinə səbəb ola bilər. Bununla yanaşı, tibbi prosedurlara, kosmetoloji və estetik xidmətlərə tələbatın artması da tibbi ləvazimatların istifadəsini və satışını artırır. Nəticədə bu amillər əczaçılıq məhsullarına və tibbi ləvazimatlara olan ümumi tələbatın yüksəlməsinə təsir göstərir".


