Bakının Suraxanı rayonunda qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 17 avqust 2025-ci il tarixində baş verib. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Bəhram həmin gün səhər saat 06:18 radələrində yaşadıqları evin qarşısındakı dalanda qonşusu Zəlimxanla (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, mübahisəyə səbəb Zəlimxanın özünə məxsus bank kartından xəbəri olmadan 30 manat çıxarılmasında Bəhramı günahlandırması olub. Aralarında yaranan mübahisə zamanı Bəhram qonşusu ilə əlbəyaxa olub. O, Zəlimxanı qəsdən itələyərək yerə yıxıb və ona xəsarətlər yetirib.
Bəhram barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Bəhram bildirib ki, Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində nömrəsiz fərdi yaşayış evində anası ilə birlikdə yaşayır:
"Zərərçəkmiş Zəlimxan qonşumdur. Hadisədən əvvəlki gün, təxminən saat 22:00 radələrində yaşadığım evin qarşısındakı küçədə olarkən Zəlimxanın məhəllədə olduğunu gördüm və onu pivə içməyə dəvət etdim. O, təklifimlə razılaşaraq mənimlə birlikdə pivə içməyə getdi. Köhnə Suraxanı qəsəbəsində adını bilmədiyim kafedə əyləşərək 16 bakal pivə içdikdən sonra 22 manatlıq hesabı ödədim və oradan yaşadığımız evə getdik.
Zəlimxan məni israrla həyətinə dəvət edərək birlikdə araq içməyi təklif etdi. Ona araq içmədiyimi dedim. Amma Zəlimxan qarşıma yemək gətirdi və onunla bir qədəh araq içməyimi istədi. Zəlimxanla bir qədəh araq içdikdən sonra məni əlavə pivə içmək üçün başqa kafeyə dəvət etdi. Getmək istəmədiyimi desəm də, Zəlimxan israrla məni həmin kafeyə apardı. Orada təxminən 6 bakal pivə içdikdən sonra yaranan 29 manatlıq hesabı Zəlimxan ödədi".
Təqsirləndirilən şəxs deyib ki, daha sonra onlar kafedən çıxaraq evə getmək istəyiblər:
"Bu zaman Zəlimxan kiməsə pul göndərməli olduğunu deyərək məndən kömək istədi. Mən isə bu barədə anlayışım olmadığını bildirdim. Kafedəki, adını bilmədiyim qız Zəlimxana kömək etsə də, pulu səhv ünvana göndərdi və sonradan həmin pulu geri qaytardı.
Yaşadığımız evin olduğu küçəyə gələndə Zəlimxan hesabından 30 manat çıxarıldığını dedi və mənimlə mübahisə etdi. Sərxoş olduğu üçün onu sakitləşdirməyə çalışdım və səhər söhbət etməyi təklif etdim. Zəlimxan isə buna məhəl qoymayaraq ünvanıma nalayiq küçə söyüşləri söydü və məni yumruqla vurmaq istədi. Mən Zəlimxanı özümdən uzaqlaşdırmaq məqsədilə sinəsindən itələdim. O, yenidən mənə yumruq atmaq istədi. Mən isə onu təkrar itələdim. Bu zaman Zəlimxan müvazinətini itirərək yerə yıxıldı və xəsarət aldı".
Bəhram ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, zərərçəkmişi iki ildir tanıdığını və qonşu olduqlarını bildirib. Onun sözlərinə görə, aralarında ədavət olmayıb və dava zamanı hər ikisi içkili olub. Bəhram sonda zərərçəkmiş şəxslə barışdığını da qeyd edib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli


