Kriminal

Sərxoş olub, uşaqlıq dostunu bıçaqladı

Sərxoş olub, uşaqlıq dostunu bıçaqladı

Bərdə rayonunda 39 yaşlı kişi uşaqlıq dostuna ağır xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 7 dekabr 2024-cü il tarixində Bərdə şəhərinin Sabir küçəsində yerləşən parkda baş verib.

1987-ci il təvəllüdlü Yavər həmin gün saat 23:20 radələrində "3 nömrəli park" adlanan parkın ərazisinə gəlib. O, həmin ərazidə yerləşən, Zakirin işlətdiyi çayxananın qarşısında qonşusu, 1978-ci il təvəllüdlü Əfsənlə (adlar şərtidir – red.) qarşılaşıb. Həmin gün saat 22 radələrində eyni məkanda aralarında baş vermiş mübahisə zamanı zərərçəkmiş şəxsin onu təhqir etməsini bəhanə edən Yavər heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi bıçaqla ona iki dəfə zərbə endirib.

Yavərə Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Yavər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü parkda sərxoş vəziyyətdə olub. Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etdiyi üçün cibindəki bıçağı çıxarıb və ona iki bıçaq zərbəsi endirib. O, ifadəsində əlavə olaraq bildirib ki, hadisə günü zərərçəkmiş şəxslə birlikdə araq içib, sonra isə zarafat nəticəsində aralarında mübahisə yaranıb.

İş üzrə izahat verən Əfsənin sözlərinə görə, hadisə zamanı sərxoş olub və hadisənin necə baş verdiyini bilməyib. İçkili halda küçəyə çıxıb, orada da yıxılıb:

"Hadisədən sonra məni xəstəxanaya dostlarım apardı. Mən isə mübahisənin səbəbini bilməmişəm. Hadisə zamanı kürək nahiyəmdən xəsarət almışam".

Zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğu müəyyən edilib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilib.

Zərərçəkmiş şəxs həmin ifadəsində göstərib ki, Yavəri uşaqlıqdan tanıyır və onlar yaxın qonşu olublar:

"Biz həmişə bir yerdə olmuşuq, bəzən də görüşərək yemək yemişik. Məlum hadisə günü biz Bərdə rayonunda yerləşən "Qarabağ" restoranında bir yerdə yemək yedik, spirtli içki qəbul etdik. Həmin vaxt Vahid adlı tanışımızın xeyir işi ilə bağlı keçirilən qonaqlıqda olmuşduq. Daha sonra biz birlikdə oradan çıxaraq "3 nömrəli park" adlanan yerə getdik. Mən spirtli içki qəbul etdiyim üçün dəqiq nə səbəbə mübahisə etdiyimiz yadımda qalmayıb. Mübahisə nəticəsində Yavər mənə bıçaqla vurdu. Bundan sonrasını dəqiq xatırlamamışam. Mən yolun kənarında olan zaman tanışım Əhməd məni gördü və xəstəxanaya apardı".

Zərərçəkmiş qeyd edib ki, Yavərin adını verməmək üçün xəstəxanada ondan izahat alınan zaman yıxıldığını bildirib: "Yavər məni vuranda bizi heç kim görməyib. Həmin vaxt hamıya, yəni Əhmədə, parkda olan, adlarını bilmədiyim şəxslərə və polislərə yıxıldığımı bildirdim".

Təqsirləndirilən şəxs ilkin izahatında yıxıldığını bildirməsinin səbəbini açıqlayaraq Yavərin onun qonşusu olduğunu, onunla heç bir ədavət və düşmənçiliyinin olmadığını, buna görə də Yavərin adını vermək istəmədiyini deyib. O, eyni zamanda xəsarətinin yüngül olduğunu güman etdiyini bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yavərin əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilib və ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Fariz Məlikli

Editor
Redaktor