İstehlak krediti götürən şəxslərə zamin duranların borc yükünə yeni məhdudiyyət tətbiq edilib. Qərara əsasən, zaminin borcunun gəlirlərinə nisbəti 70 faizdən çox olmamalıdır. Yəni aylıq gəliri 1 000 manat olan şəxsin borc ödənişləri 700 manatı keçərsə, o, istehlak krediti üzrə zamin kimi çıxış edə bilməyəcək.
İqtisadçı Aslan Əzimzadə Demokrat.az-a açıqlamasında bildirib ki, zaminlərin borc yükünün gəlirlərinə nisbətinin 70%-lə məhdudlaşdırılması kredit risklərinin daha sağlam idarə olunmasına xidmət edən addım kimi qiymətləndirilə bilər:

"Nəzərə almaq lazımdır ki, zaminlik yalnız formal öhdəlik deyil. Əsas borcalan kredit öhdəliyini yerinə yetirə bilmədikdə, müvafiq öhdəlik zamin üçün də real maliyyə yükünə çevrilə bilər. Bu baxımdan zaminin mövcud borc öhdəliklərinin onun gəlirləri ilə müqayisə edilməsi məntiqlidir. Çünki gəlirlərinin böyük hissəsini artıq kredit ödənişlərinə yönəldən şəxsin əlavə zaminlik öhdəliyi götürməsi həm onun öz maliyyə dayanıqlığı, həm də kreditor üçün əlavə risk yaradır".
Onun sözlərinə görə, yeni məhdudiyyət əhalinin həddindən artıq borclanmasının qarşısının alınmasına və kredit portfelində potensial risklərin azaldılmasına müsbət təsir göstərə bilər:
"Digər tərəfdən, bu tələb müəyyən şəxslərin zamin tapmasını çətinləşdirə və nəticədə bəzi istehlak kreditlərinin əldə olunmasını məhdudlaşdıra bilər. Xüsusilə gəlirləri aşağı və ya artıq kredit öhdəliyi olan ailələrdə bunun təsiri daha çox hiss oluna bilər. Lakin uzunmüddətli perspektivdən yanaşdıqda, kreditləşmənin yalnız borcalanın deyil, zaminin də real maliyyə imkanları nəzərə alınmaqla həyata keçirilməsi daha məsuliyyətli borclanma modelinin formalaşmasına xidmət edir. Ümumilikdə, burada əsas məqsəd kreditləşməni məhdudlaşdırmaqdan daha çox zaminliyin yaratdığı potensial maliyyə risklərinin əvvəlcədən düzgün qiymətləndirilməsi və borc yükünün idarə olunan səviyyədə saxlanılmasıdır".


